İsrail Azərbaycana təhvil verilməsi gözlənən bloqçu Aleksandr Lapşinin Bakıdan üzr istəməsini, beləliklə, azadlığa buraxılmasını təklif edib.
Novator.az bildirir ki, 1976-cı ildə Rusiyada doğulan Aleksandr Lapşin həm bu ölkənin, həm də İsrailin vətəndaşıdır. Ötən il dekabrın 16-da Azərbaycanın Baş Prokurorluğu bəyan edib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: “O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lapşin saxlanıb”.
Yanvarın 7-də Azərbaycanın Baş Prokurorluğu bəyanat yayaraq Lapşinin ekstradisiyası barədə sənədləri Belarusa göndərdiyini açıqlayıb.
“Azadlıq” radiosunun 19 yanvar məlumatına görə, “Haarets” qəzeti yazır ki, İsrail rəsmiləri bloqçunun Bakıya məktub yazmasını, həm Qarabağa getdiyi, həm də Azərbaycandakı rejimi tənqid etdiyi üçün üzr istəməsini təklif ediblər: “Bloqçu özü təkliflə razılaşıb və məktubun ilkin versiyasını artıq yazıb. Bakı da razılığını versə, Lapşinin həbsi haqda orderi ləğv edə, Belarusa müraciətini geri götürə bilər. Təklif artıq Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırılıb. İsrail diplomatlarının sözlərinə görə, onlar Azərbaycana bu məsələni böyütməyin əhəmiyyətsiz olduğunu bildiriblər, üzrxahlıq məktubunun ən yaxşı yol olduğunu, həm Azərbaycan və Belarus, həm də Rusiya və İsrailə sərf etdiyini söyləyiblər. Qəzetə müsahibə verən İsrail rəsmisinin dediyinə görə, Azərbaycan təklifi rədd etməyib, amma hələ cavab da verilməyib”.