Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-si Moskvada 2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnamələrin işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı tələbi qüvvədədir: “Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə ahəngdarlıq təşkil etməlidir. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil. ATƏT-in Minsk qrupunun çoxsaylı qərarlarında, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sənədlərdə mübahisələrin dinc yolla həlli birmənalı vurğulanır”.
Novator.az-ın məlumatına görə, nazirin bəyanatını şərh edən politoloq Şahin Cəfərli deyib ki, Lavrov Azərbaycanı Dağlıq Qarabağdan əlinizi üzməyə çağırır: “Ətraf rayonları qaytarmağı bir lütf kimi təqdim etməyə çalışsa da, bunu Dağlıq Qarabağdan faktiki olaraq vaz keçmək şərtinə bağlayır. Təkcə bu da deyil. Rayonlar geri verilərkən təmas xəttinə və Ermənistan-Dağlıq Qarabağ dəhlizinin təhlükəsizliyi üçün Laçın və Kəlbəcərə sülhməramlı kontingentin yerləşdirilməsi nəzərdə tutulur. Bu kontingentin komandanı və üzvlərinin önəmli bölümü yəqin ki, ruslar olacaq. Rusiya çalışacaq ki, hətta münaqişə həll olunsa belə, Azərbaycanı mümkün qədər öz ilgəyində saxlasın.
Əslində yeni bir şey baş vermir. Madrid prinsiplərinin mahiyyəti məhz Lavrovun söylədiklərindən ibarətdir. Danışıqlar uzun illərdir bu prinsiplər əsasında aparılır. Digər həmsədr ölkələr ABŞ və Fransanın mövqeyi də Rusiyanın mövqeyindən fərqlənmir və onlar bu məsələni Moskvanın öhdəsinə buraxıblar.
Azərbaycanın yeritdiyi balans siyasəti Qarabağ məsələsində hər hansı uğura səbəb olmadı, əksinə, dünyanın digər regionlarında anlaşa bilməyən, rəqabət aparan 3 önəmli güc mərkəzi Qarabağ məsələsində bizim üçün sərfəli olmayan şəkildə anlaşdılar. Türkiyə hökumətinin Rusiya ilə yaxınlaşma, Rusiyanın nüfuz dairələrinə müdaxilə etməmə və Qərblə konfrontasiya siyasəti də Azərbaycanın manevr imkanlarını olduqca daraltmış durumdadır”.
Analitik Elxan Şahinoğlu qeyd edib ki, Lavrovun Qarabağla bağlı fikirləri Azərbaycanın maraqlarına ziddir: “Lavrov deyib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Yəni Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, Ermənistan işğal altındakı torpaqları boşaltsın. Lavrovun münaqişənin həllinə bu cür yanaşması Dağlıq Qarabağın “müstəqilliyinə” yol açır. O, faktiki rəsmi İrəvanın tələbini təkrarlayıb və İrəvanın çox çalışdığı “paket həll” variantını dilə gətirib”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Azadlıq” radiosuna deyib ki, Lavrovun bəyanatı təəccüb doğurur: “Biz suveren ölkə kimi ölkəmizi, torpaqlarımızı qorumaq hüququna malik deyilik? Bu nə deməkdir? Rusiya bu hüquqa malik idi, Çeçenistanda öz ərazi bütövlüyünü təmin etdi, ancaq bizim belə hüququmuz yoxdur? BMT üzvü olan Azərbaycan öz torpaqlarının suverenliyini digər ölkələr kimi qoruya və bu məqsədlə lazım olan addımları ata bilməzmi?
Rusiya xarici işlər naziri ilk dəfədir bəyan edir ki, torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır. O, Azərbaycanın üstünlük verdiyi mərhələli həldən yox, ermənilərin mövqeyinə uyğun paket həllindən danışıb. Guya istinad etdiyi BMT qətnamələrinə yanlış şərh verib. Bu, səhvdir! Həmin qətnamələrdə məsələ onun dediyi şəkildə qoyulmayıb. Əksinə, işğaldakı torpaqların azad edilməsi, yalnız bundan sonra statusun həlli tələb olunur”.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.
1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.