Yanvarın 18-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət məşğulluq siyasətinin icrasına həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, nazir Səlim Müslümov məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, 56631 nəfər münasib işlə təmin olunub. Onlardan 20475 nəfəri gənclərdir.
Nazir prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il sərəncamı ilə özünüməşğulluq proqramının icrasına başlanmasını sosial sahədə önəmli tədbirlərdən biri kimi vurğulayıb: “Ölkənin 76 rayon və şəhəri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar biznes bilik və bacarıqlarına yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb ediliblər. Ötən ilin noyabr ayının əvvəlindən kursları başa çatdıranlar üçün qiymətləndirmə prosesinə başlanıb və hazırda davam etdirilir. İndiyədək qiymətləndirmədən keçənlərdən 600 nəfərə yaxın vətəndaşın biznes-planları uğurlu hesab olunub və onlara sertifikatlar verilib. Yaxın günlərdə həmin şəxslərin biznes-planlarının mal və materiallar formasında dəstəklənməsi təmin ediləcək”.
2016-cı ildə 1147 nəfərin haqqı ödənilən ictimai işlərə göndərildiyini qeyd edən Müslümov bildirib ki, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yolu ilə əmək bazarına çıxış imkanlarına yiyələnməsi üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işləri də davam etdirilib: “Ötən il təşkil edilən bu kurslara ümumilikdə 3702 nəfər şəxs cəlb edilib, onlardan 500 nəfərə yaxını əlilliyi olan şəxslər olub”.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən il boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən 3093 nəfər əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib: “Xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə səyyar əmək birjalarının fəaliyyəti də il ərzində davam etdirilib. Peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib, onlara əmək bazarına uyğun düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü məsləhətləri verilib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 370 müəssisə 1838 boş (vakant) iş yeri təqdim edib, 215 nəfərə işə göndəriş verilib, 2348 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul edilib”.