Davos səfərini davam etdirən dövlət başçısı İlham Əliyev yanvarın 17-də İsveçrə Konfederasiyasının prezidenti Doris Löythardla görüşüb. İsveçrə prezidenti Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə təbriklərini çatdırıb, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Azərbaycanla İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən Doris Löythard maliyyə sektorunda uğurlu əlaqələrin qurulduğunu vurğulayıb, ölkələrin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib.
İlham Əliyev Azərbaycanla İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Dövlət başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Prezident ölkənin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirib.
Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmin gün İlham Əliyev Lüksemburqun baş naziri, dövlət naziri Ksavyer Bettellə görüşüb. Ksavyer Bettel ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. İki ölkə arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını deyib.
İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirib. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən prezident ölkənin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, İlham Əliyevin yanvarın 17-də Norveç Krallığının xarici işlər naziri Borge Brende, “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen, Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil, “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də bir araya gəlib.
Davosda 47-ci Dünya İqtisadi Forumu keçirilir. Dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak etdiyi forumun şüarı “Bacarıqlı və məsuliyyətli liderlik”dir. Davosa 50-dən çox dövlət və hökumət başçısı, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərləri dəvət edilib.