2016-cı ildə xarici ticarətin həcmi 2015-ci illə müqayisədə 19,46% azalaraq 17 milyard 675,7 milyon dollar olub. Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2015-ci illə müqayisədə idxal əməliyyatlarında 7,42%, ixrac əməliyyatlarında 28,17% geriləmə var. İxrac idxalı 610,8 milyon dollar üstələyib.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev Dövlət Gömrük Komitəsinin ötən il üzrə statistikasını şərh edərək bildirir ki, xarici ticarət balansında yaranan 610,8 milyon dollar profisit 2007-ci ildən sonra ən aşağı göstəricidir: “2008-2014-cü illərdə xarici ticarət balansının profisiti əsasən 10 milyard dolların üzərində olub. Yalnız 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşması ilə göstərici 2,2 milyard dollara enib.
2016-cı ildə idxalda təxminən 700 milyon dollar azalma qeydə alınıb. Azalma əsasən dövlət sektoru ilə bağlı olub – 300 milyon dollar ixtisara düşüb. Diqqət çəkən başqa bir məqam minik avtomobilləri idxalı ilə bağlıdır, say 23,8 min ədəddən 5 minə enib, yəni 4,5 dəfəyədək azalma var.
İxrac daha çox azalıb: təxminən 2,3 milyard dollar. Qeyri-neft ixracı 1,258 milyard dollar – ümumi ixracın 13,7 faizi həcmində olub. 2015-ci ilə nisbətən 2016-cı ildə qeyri-neft ixracı 28 faizə yaxın azalıb. Bu statistikanın analizi göstərir ki, idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər yaxın perspektivdə görünmür.
Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında iri məbləğdə kəsiri qapadırdı. Ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin”.
Novator.az rəsmi hesabata əsaslanıb bildirir ki, 2016-cı ildə Azərbaycanın ixracının 71,14 faizini xam neft, 4,48 faizini neft məhsulları, 10,62 faizini təbii qaz təşkil edib.
Ötən il qara metallar və onlardan hazırlanan məmulatların ixracında 176,81 faiz, iplik pambıq ixracında 25,18 faiz, elektrik enerjisi ixracında 120,17 faiz, meyvə-tərəvəz ixracında 28,96 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracında 6,36 faiz artım olub.
Dövlət Gömrük Komitəsi 2016-cı il üzrə idxal göstəricilərini də açıqlayıb. Statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci illə müqayisədə 34,98 faiz artıb. Çay idxalında 174,11 faiz, meyvə-tərəvəz idxalında 132,58 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 116,07 faiz, ət idxalında 94,49 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 71,93 faiz, şəkər idxalında 22,71 faiz, süd idxalında 39,44 faiz artım var.
Ötən il buğda idxalı 0,61 faiz azalıb. Tütün və tütün məmulatlarının idxalında 48,55 faiz, nəqliyyat vasitələri və onların hissələrinin idxalında 33,13 faiz, əczaçılıq məhsullarının idxalında 27,45 faiz azalma qeydə alınıb.