Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yanvarın 16-da 2016-cı ilin hesabatını verib. Hesabata görə, ötən il korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. İdarənin əməliyyat qurumlarının apardığı araşdırmalar üzrə 32 cinayət işi başlanıb. Dövlət qurumları və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işi məhkəmələrə göndərilib.
AZƏRTAC xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə ötən il vətəndaşların 9360 müraciətinə baxıldığını, cinayət xarakterli 251 materialın araşdırıldığını bildirib. Kamran Əliyevin sözlərinə görə, araşdırılan materiallardan 159-u üzrə cinayət işi başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.
İdarə rəisi qeyd edib ki, qurumun “161 – Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.