“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva hökumətin qrant müqavilələri ilə bağlı yeni qərarına münasibət bildirib.
Yanvarın 11-də Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası”na dəyişiklik edib (Qrantın qeydə alınmasında yenilik). Novator.az-ın məlumatına görə, özəl açıqlama yayan Rəna Səfərəliyeva yeniliyi xarici qrantların qeydə alınması istiqamətində irəliyə doğru addım hesab etdiyini və vətəndaş cəmiyyəti institutlarının dayanıqlığının artırılması üçün qrant qanunvericiliyinin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayır: “Qaydalara edilmiş bir sıra dəyişiklik müsbət xarakter daşıyır. Qrant müqavilələrini Ədliyyə Nazirliyinin qeydə alması üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xüsusilə xarici donor olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surətinin təqdim edilməsi kimi bürokratik tələbin ləğv edilməsini vurğulamaq olar.
Digər müsbət yenilik qrantın bağlandığı tarixdən sonra Ədliyyə Nazirliyinə təqdim olunması üçün tələb olunan müddətin 15 gündən 30 günədək uzadılmasıdır. Müddətin az olması qrantın qeydə alınması üçün tələb olunan müvafiq sənədlərin xarici dildən azərbaycancaya tərcümə olunmasına və notarial qaydada təsdiq edilməsinə kifayət etmirdi. İndi həm də bu sənədlərin tərcüməsinin notarial qaydada təsdiqi barədə tələb qaydalardan çıxarılıb.
Qaydalara edilmiş daha bir dəyişiklik isə xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyatının mümkünlüyünü ifadə edir. Nəzərə alsaq ki, xarici donorların qrant vermək hüququ əldə etməsi prosesi kifayət qədər vaxt tələb edən və mürəkkəb proses olaraq qalır, onda güman etmək olar ki, bəzi donorlar və resipiyentlər xidmət və ya iş mahiyyəti daşıyan qrant müqavilələrini xidmət müqaviləsi kimi qeydiyyatdan keçirməyə maraq göstərə bilər. Ancaq dərhal əlavə etməliyik ki, xarici donorların ölkə ərazisində qrant vermək hüququ əldə etməsi qaydasına müvafiq dəyişikliklər edilmədən bu mexanizmin necə işləyəcəyini əvvəlcədən söyləmək çətindir.
Son dəyişikliklərin əhəmiyyətini vurğulamaqla yanaşı onu da qeyd etmək istərdim ki, istər xarici donorlar, istərsə də QHT-lərlə bağlı qanunvericilikdə olan bir sıra müddəaların təkmilləşdirilməsinə ehtiyac var. Xarici donorların Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməsi üçün şərtlərin, xüsusilə maliyyə-iqtisadi məqsədəmüvafiqliyə dair rəyin verilməsi prosedurunun sadələşdirilməsini və qrant müqavilələrinin elektron qaydada həyata keçirilməsinə imkan yaradılmasını zəruri sayırıq”.