“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər təqaüdə 63, qadınlar 60 yaşda çıxır. Bunun üçün azı 12 il sığorta stajı tələb olunur. Bəs sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri necə tənzimlənir? Novator.az buna nəzər salıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Sığortaolunanın sığorta stajına bu müddətlər də daxil edilir:
– işçinin əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
– yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;
– müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;
– işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;
– əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;
– zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;
– şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;
– əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;
– mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.
– hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.
1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir:
– döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə;
– şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri – ikiqat ölçüdə;
– cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti – ikiqat ölçüdə;
– əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti – üçqat ölçüdə.
Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda əmək pensiyaları üç hissədən ibarətdir: baza hissəsi, sığorta hissəsi, yığım hissəsi.
Pensiyanın baza hissəsi 110 manatdır.
Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği bu düsturla müəyyənləşir: SH = PSK/T.
SH – yaşa görə əmək pensiyasının sığorta hissəsi; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay, yəni 12 il).
Yığım hissəsinin məbləği yaş həddinə (azı 12 il sığorta stajı olan 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar) uyğun olaraq bu düsturla müəyyən edilir: YH=PYK/T.
YH – yaşa görə əmək pensiyasının yığım hissəsi; PYK – sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
Yaşa görə əmək pensiyasının məbləği bu düsturla hesablanır: P=BH+SH+YH.
P – yaşa görə əmək pensiyası; BH – yaşa görə əmək pensiyasının baza hissəsi; SH – yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir.