2009-cu ildən ABŞ prezidenti olan Barak Obamanın səlahiyyət müddəti başa çatır. Yanvarın 20-dən ABŞ-a Donald Tramp prezidentlik edəcək.
Obamanın 8 illik hakimiyyəti nələrlə yadda qalacaq? Novator.az sualı belə qoyub.
Alya Yaqublu, jurnalist:
– Obama ABŞ-ın ilk qaradərili prezidenti oldu. Bu fakt 8 il əvvəl baş verdiyi üçün bir az kölgədə qalıb, halbuki təkcə Amerika üçün yox, dünya miqyasında ciddi önəm daşıyan hadisədir. Seçicilər Afrika mənşəli insanlara qarşı aqressiyanın yaxın keçmişdə çox güclü olduğu ölkədə Obamanı özlərinə prezident seçdilər. Obama dünyanın ən böyük ölkəsinə rəhbərlik eləməklə, həm də kifayət qədər uğurla, irqi ayrı-seçkiliyin əslində necə əsassız, içiboş bir yanaşma olduğunu sübut etdi. Amerikalıların ona ikinci dəfə səs verməsi bu seçimin təsadüfi, emosional olmadığını göstərdi.
Düzdür, Obama seçki vədlərinin hamısını yerinə yetirmədi, məsələn, ölkəsindəki siyasi intriqalar üzündən Quantanamo həbsxanası bağlanmadı. Amma orda baş verənləri ictimai şəkildə pisləməklə yanlışları etiraf eləmək cəsarəti göstərdi, yəni dövlətçilik demaqogiyası arxasında gizlənmədi.
Bu günlərdə Rusiya lideri Vladimir Putinin ABŞ-dakı son prezident seçkisinə kiber müdaxiləsi faktına münasibət bildirərkən də eyni səmimiyyəti nümayiş etdirdi, məsələni ciddiyə almadığını dedi. Düzdür, gecikmiş etirafdır, amma tarixdən dərs almaq baxımından bunu kifayət qədər önəmli fakt sayıram.
Obamanın prezidentliyi Suriyada sülh yaratmaq cəhdlərinin boşa çıxması ilə də yadda qalacaq. Bu onun son etirafına birbaşa aidiyyəti olan məsələdir. ABŞ Rusiyanın Ukraynaya hücumuna, Krımın ilhaqına, bir ölkənin bu qədər asanlıqla hərbi müdaxiləyə məruz qalmasına adekvat reaksiya vermədi və Hitler kimi Putin də bu loyallıqdan çox məharətlə yararlanıb ABŞ-a və bütün dünyaya meydan oxumağa başladı. Bu cinin şüşədən çıxmasına şərait yaradanlardan biri, heç şübhəsiz, həm də Obama oldu.
Zahid Oruc, Milli Məclisin deputatı:
– Əsrin əvvəllərindən İraqda və Əfqanıstanda aparılan müharibənin sonu görünməyən ağır nəticələri, həmçinin liberal dəyərlərin süngü gücünə yayılması və Amerika müstəsnalığının beynəlxalq məkanda güc yolu ilə nümayiş etdirilməsi Obama adlı yeni fenomeni meydana çıxardı. Milyonlarla seçicinin ən yüksək taxt-tacı fərqli irqin daşıyıcısına tapşırmasının başlıca səbəbi Corc Buşun islam dünyası ilə aparılan savaşdan Amerikanı xilas etməsi istəkləri idi. Elə həmin məramla da Obamaya avans olaraq Nobel sülh mükafatını ərməğan etdilər.
Lakin Misirdə islam ölkələri ilə anlaşmaya çağırış edən yeni messian hərbi korporasiyaların və müharibə partiyasının mənafelərinə zərbə vuracağını söyləsə də, növbəti avantüraya əl ataraq ərəb dünyasında rejimlərin dəyişdirilməsinə qərar verdi. Tunisdə, Liviyada çevrilişləri həyata keçirdikdən sonra növbə Misirə çatdı. Beləliklə, Amerikanın Yaxın Şərq planı Obamanın ifasında daha böyük təhlükələrin vəsiləsinə çevrildi. Ona görə 6 ildir davam edən Suriya müharibəsi və dünya üçün bir nömrəli bəlaya çevrilən silahlı xilafət quruculuğu ideyası onun fəlakətli idarəçiliyinin hesabına yazılmalıdır.
İŞİD Obamanın mənəvi, siyasi, hərbi planı və xaosun törəməsi kimi meydana çıxan terror ordusudur. Qara bayraqların istehsalçısı da Ağ evin ideoloqlarıdır. Obamanın özündən sonra qoyduğu miras təkcə müsəlman əlaməti ilə toqquşma, milyonlarla qətlə yetirilən insan deyil, hərçənd buna görə onu mühakimə etmək tamamilə qanunauyğun olardı. Dünyada terror heç vaxt indiki qədər insan qanı tökməmişdi və dünyəvi şəbəkəyə belə miqyasda malik olmamışdı. Obamanın inqilab dalğasının genişlənməsi Ukraynanı öz slavyan qardaşı ilə silahlı qarşıdurmaya vadar etdi. Əvəzində Avropanın təhlükəsizliyi uzunmüddətli bir şəkildə sınağa çəkildi.
Obamanın hakimiyyəti zorla və ya məxməri devrim siyasəti Rusiyanın əks zərbəsinə tuş gələrkən son 25 ildə ilk dəfə nüvə müharibəsi dünyanın başının üstünü yenidən almağa başladı. Ona görə də Kuba və İran ətrafında başlanan antisanksiya tədbirləri, atom silahını yaratmaması üçün rəsmi Tehranla razılaşma qətiyyən sülhü gücləndirmədi, əvəzində Moskvanı izolə etmək planı Avrasiya məkanında qarşıdurma ab-havasını daha da gücləndirdi.
Amerika dövləti heç zaman indiki qədər daxili problemlərlə yüklənməmişdi. 8 illik idarəçilik irqi ayrı-seçkiliyi aradan qaldırmadı, əksinə, dözüm mühitini bir az da sarsıtdı. Çünki başqa qitələrdə hökmranlıq öz ölkəsinin milyonlarla insanını normal yaşayışdan məhrum etdi. Ağların üsyanı kimi xarakterizə edilən və Ağ evdə kök salan böyük maliyyə, siyasi və hərbi elitaya nifrətin mücəssəməsi olan son seçki təkcə prezidentə münasibət deyildi, həmçinin demokratların, onların birinci şəxsinin, hətta xanımının fəal qoşulduğu kampaniyanın iflası demək oldu.
Obama Amerikanın borcunu 20 trilyon dollara çatdırıb gələcək nəsillər üçün ağır yük qoydu. Ona görə də hakimiyyətinin son illəri sovet dövlətinin baş katibi ədası ilə eyniyyət təşkil edirdi. Hər halda Nobel mükafatını haqq etməyən birisi qayıdıb həmin ödülü təhvil versə, daha ədalətli addım atmış olar, sadəcə dünyadakı dağıntılardan həyatını itirən insanların doğmalarını sakitləşdirmək üçün.
Rövşən İbrahimov, politoloq:
– Ekspertlərin Obamanın prezidentlik dövrü ilə bağlı qənaəti birmənalı deyil. Bəziləri deyir ki, bu, ölkə tarixində çox uğurlu bir dövr oldu, digərləri tam əks mövqedədir. Ümumiyyətlə, Obama təkcə ilk qaradərili prezident olmaqla kifayətlənməyib, eyni zamanda Amerikaya hətta bəzən kommunist, sosialist, marksist adlandırılan bəzi islahatlar gətirib. Ən əhəmiyyətlisi, şübhəsiz ki, ümumi icbari tibbi sığortadır. İcbari tibbi sığorta əsasən yoxsullar üçün yaradılan sistemdir. Yeni prezident bunu ləğv etmək istəsə də, bacaracağına az inanıram. Çünki Amerika struktural ölkədir, bu cür təkliflər ancaq bəyanat səviyyəsində qalır.
Obama hakimiyyətdə olduğu müddətdə zənginlərdən tutulan vergi yüksəlib, işsizlik azalıb, yeni iş yerləri yaradılıb, şist neft və qazın istehsalında inqilab baş verib. Demək olar ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Amerika enerji baxımından özünü təmin etdi, eyni zamanda ixracatçı ölkəyə çevrildi.
Hakimiyyətə gəldiyi vaxt Corc Buş administrasiyasından ona mənfi miras qalmışdı, ölkədə dərin maliyyə böhranı vardı. Obama hakimiyyətinin ilk dövründə məhz əvvəlki prezidentdən qalan problemlərlə məşğul oldu.
Xarici siyasətdə atdığı doğru addımlar Əfqanıstan və İraqdakı mövqelərini zəiflətmək oldu. Bu nöqtələrdəki iştirakı Amerikanın həm siyasətinə, həm də iqtisadiyyatına mənfi təsir etmişdi. Rusiya ilə də münasibətləri yaxşılaşdırmağa çalışdı, amma bu, müsbət nəticə vermədi.
Neftin qiymətinin düşməsi də əsas məqamlardan biridir. Ölkədə yanacağın qiyməti endi, bu, ümumi qiymətlərin düşməsinə, malların ucuzlaşmasına imkan yarandı, əhalinin güzəranı yaxşılaşdı.
Ümumiyyətlə, Obama olduqca xarizmatik şəxsiyyətdir, bir prezident kimi vəziyyətə hakim idi, ölkəni aydın görürdü. Fikrimcə, unudulmaz prezidentlərdən biri olacaq və Amerikanın siyasi həyatında aktiv yer alacaq.
Şahin Cəfərli, siyasi şərhçi:
– Obamanın daxili siyasəti əsasən uğurlu olub, xarici siyasətdə isə ciddi uğursuzluqlar da var. O, 2009-cu ildə hakimiyyəti Corc Buşdan təhvil alarkən ölkə bərbad durumda idi, 2008-ci ilin ağır iqtisadi böhranı baş vermiş, bir çox sənaye müəssisəsi bağlanmış, şirkətlər iflasa uğramış, iqtisadiyyatda tənəzzül başlanmışdı. İşsizlik 1983-cü ildən bəri ən yüksək səviyyədə, 10 faiz idi, indi isə 4,7 faizə enib.
Obamanın dövründə ümumilikdə 15,8 milyon iş yeri açılıb. 2008-ci ildə ümumi daxili məhsulun artım tempi dayanmışdı, 0,29 faiz azalma var idi, 2015-ci ildə isə artım tempi 2,6 faizə yüksəlib. Adambaşına düşən ÜDM-in həcmi 2009-cu ildə 48,5 min dollardan az olduğu halda 2016-cı ildə 57,17 min dollara çatıb.
Obamanın dövründə ABŞ şirkətlərinin ümumi bazar dəyəri iki dəfədən çox artıb, 2008-ci ildə bu göstərici 11,6 trilyon dollar olduğu halda 2015-ci ildə 25,07 trilyona yüksəlib. Büdcə kəsiri Corc Buş dövrü ilə müqayisədə təxminən 1 trilyon dollar azalıb. Xam neftin hasilatı və alternativ enerji istehsalı iki dəfə artıb.
İqtisadiyyatda əsas mənfi hal kimi yalnız federal hökumətin dövlət borcunun artmasını göstərmək olar. Lakin əsas nəticə odur ki, Obama öz hakimiyyəti dövründə iqtisadi böhranı dayandırmağa və əksər mənfi göstəricini müsbətə çevirməyə nail olub.
Xarici siyasətdə uğurlara misal kimi İranın nüvə proqramının dayandırılmasını və Kuba ilə əlaqələrin normallaşması istiqamətində atılan addımları göstərmək olar.
Lakin bu sahədə uğursuzluqlar daha çoxdur. Obama dövründə Yaxın Şərq qan gölünə döndü. Suriya problemi kimi bu gün də davam edən çox ağır münaqişə ortaya çıxdı. Obama hökuməti nəinki Suriya məsələsini həll edə bilmədi, tam əksinə, bu məsələdə passiv siyasət yeridərək təşəbbüsün Rusiya və İranın əlinə keçməsinə şərait yaratdı.
Türkiyə ilə münasibətlərdə problemlər yarandı. Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində münaqişə ocağı yaratması da onun dövründə baş verdi. Obama hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, Ukraynadakı problemin həllinə nail ola bilmədi.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasına baxmayaraq bu məsələni tamamilə Rusiyanın öhdəsinə buraxmasını da Obamanın uğursuzluqları sırasına aid edərdim.
55 yaşlı Obamanın siyasi karyerası İllinoys ştatının Senatından başlayıb. O, 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildən ABŞ Senatının üzvü olub. 2008 və 2012-ci illərdə ABŞ prezidenti seçilib.