FİFA dünya futbol çempionatının formatında dəyişiklik edib. 2026-cı ildən dünya çempionatının final mərhələsini 48 milli komanda ilə keçirmək qərarı çıxarılıb (İndi dünya çempionatının final raundu 32 komandanın iştirakı ilə keçirilir). Dünya çempionatında 48 komanda hər birində 3 komanda olan 16 qrupa bölünəcək. Qruplarda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
Format dəyişikliyi dünya çempionatlarının səviyyəsinə necə təsir göstərə bilər? Novator.az sualı idman icmalçılarına ünvanlayıb.
Rövşən Binnətli həm dünya, həm də Avropa çempionatında iştirakçıların sayının artırılması ilə pozitiv cəhətlərin müşahidə olunduğunu düşünür: “Final mərhələsində iştirak edən komandaların sayının artırılması turniri daha maraqlı edib, azarkeşlər daha çox oyun izləyib, bir qədər də gərgin mübarizənin şahidi olublar. Ağlagəlməz komandalardan sürpriz nəticələr görmüşük.
Bununla belə, müəyyən hədd mütləq gözlənilməlidir. Məsələn, Avro-2016-nın həlledici turnirində 24 milli komanda yarışdı. Bu, qitə ölkələrinin təxminən yarısının turnirdə təmsil olunması deməkdir və zənnimcə, son say həddidir. DÇ-nin 48 millinin iştirakı ilə təşkili də o anlama gəlir ki, mundialın həlledici yarışına FİFA-ya üzv ölkələrin təqribən hər dördündən biri vəsiqə qazanacaq. 48 də DÇ üçün maksimum saydır və bundan çoxu barədə düşünmək yersizdir.
Mənə elə gəlir ki, 48 komandalı format dünya çempionatlarında mübarizənin gərginliyinə ciddi xələl gətirməyəcək, əksinə, futbolsevərlər planlaşdırılmayan əlavə maraqlı məqamların şahidi olacaqlar”.
Aydın Bağırov FİFA-nın qərarının futbolun inkişafından çox müəyyən qüvvələrin maddi maraqları naminə qəbul edildiyini deyir: “FİFA əsas gətirir ki, oyunların sayı artacaq, futbolda tanınmayan ölkələr də bu yarışda iştirak edəcək. Bəli, oyunların sayı artacaq. Nəticədə yayımdan, bilet satışından və digər mənbələrdən gəlir də çoxalacaq.
Məsələn, Rusiyada keçiriləcək DÇ-2018-də dünyanın ali futbol qurumunun 5,52 milyard dollar qazancının olacağı gözlənir. 2026-cı ildəki çempionatda isə bu rəqəmin 6 milyard 495 milyon dollara çatacağı proqnozlaşdırılır, yəni Rusiyadakı yarışdan 975 milyon dollar çox. Oyunların sayının artmasının futbolun inkişafına, dünya çempionatının keyfiyyətinə nə xidməti dəyə bilər axı?
Yarışda Asiya və Afrikadan olan komandalar daha da çoxalacaq. Məsələn, kimə lazım olacaq, şərti desək, Almaniya – Haiti matçı? Haiti 2012-ci ilin konfederasiyalar kubokunda 3 oyuna 24 qol buraxıb, bununla turnirin nüfuzuna ciddi zərbə vurub. Belə komandaların dünya çempionatında olmayacağına kimlər zəmanət verə bilər? Almanların rəqib qapısından 8-10 top keçirməsi hansı futbol fanatına maraqlı gələcək? Məgər yalnız bir qapıya olacaq sönük oyunlar çempionata əlavə gərginlik qatacaq? Fikrimcə, dəyişiklik çempionatın səviyyəsinə mənfi təsir göstərəcək və bununla uduzan bütövlükdə dünya futbolu olacaq”.
Mahir Rüstəmli də FİFA-nın qərarının siyasi maraqlara və kommersiya maraqlarına söykəndiyinə şübhə etmir: “FİFA dünyanın ən nüfuzlu turnirindən daha çox pul qazanmaq istəyir. Məsələn, 32 komandalı dünya çempionatında 64 oyun keçirilirsə, 48 komandalı turnir artıq 80 oyun deməkdir. Təkcə bu dəyişikliklə qazanc 6,5 milyard dollara çata bilər. Konkret oyun səviyyəsinə gəlincə, əlbəttə, bezdirici oyunların sayı arta bilər. Bu formatda dünya və Avropa nəhənglərinin başqa qitələrdən olan yığmalarla üzləşməsi və onları darmadağın etməsi ehtimalı realdır. Yəni DÇ-2026-da mümkün 6:0, 8:0 hesablarına təəccüblənməməliyik. İstənilən halda say artanda keyfiyyət aşağı düşür.
Məsələnin başqa tərəfi də var, 80 oyunu əvvəlki kimi bir ayın çərçivəsinə sığışdıracaqlar. Gün ərzində oyun sayı artacaq və tamaşaçı futboldan bezəcək. Səviyyə mənasında turnir ciddi heç nə qazanmasa da, FİFA pul baxımından irəli düşəcək, azarkeşlər isə ayrı-ayrı yığmaların ifasında fərqli, rəngarəng oyun üslubları görəcəklər”.