“Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bura ən müasir texnika, silah, sursat göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır”. Yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbində çıxış edən prezident İlham Əliyev belə deyib.
Novator.az-ın məlumatına görə, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən məktəbdə pedaqoji kollektiv və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd edib ki, Naxçıvanda böyük quruculuq, abadlıq işləri aparılır: “Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçib. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Dövlət başçısı deyib ki, Naxçıvanda qazlaşdırma layihələri neçə ildir başa çatıb: “İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanıb. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İranla Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı.
Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır.
Digər infrastruktur layihələri daim diqqət mərkəzindədir. Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti mərhələdə həll edəcəyik və beləliklə, şəhərlərarası yollar problemi aradan götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək”.
İlham Əliyev deyib ki, Naxçıvanın gözəlləşməsi, abadlaşması onu çox sevindirir: “Binalar təmir olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər salınır. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür.
Naxçıvan dünya miqyasında öz gözəlliyi ilə seçilən bir şəhərdir. Əlbəttə ki, Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu tarixi abidələr bizim qədim tariximizi göstərir. Onu göstərir ki, əsrlər boyu Azərbaycan xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir”.
Prezident hərbi hissəyə baş çəkdiyini vurğulayaraq deyib: “Bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bura ən müasir texnika, silah, sursat göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb.
Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz. O cümlədən inşaat materialları sektoru inkişaf edir”.
Dövlət başçısı hökumətin Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün də çalışdığını qeyd edib: “Biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək. Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.