“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı 2016-cı il üçün Dünya Hesabatı açıqlayıb. Hesabatda 90 ölkə və ərazidə insan haqlarının 2016-ci ildə vəziyyəti və bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilir.
Azadliq.org-un məlumatına görə, hesabatın bir fəsli Azərbaycana həsr olunub. Qeyd edilir ki, Azərbaycan hakimiyyəti 2016-cı ildə də fərqli səsləri boğmaqla bir vaxtlar canlı və müstəqil olmuş vətəndaş cəmiyyətini daha ağır vəziyyətə salıb. Bildirilir ki, hakimiyyət siyasi motivlərlə məhkum edilmiş bəzi insan haqları fəalı, jurnalist və siyasi fəalı həbsxanadan azad edib, lakin elə 2016-cı ildə həbs olunanlarla birlikdə azı 25 hökumət tənqidçisi dəmir barmaqlıqlar arxasında qalıb: “Məhdudlaşdırıcı qanunlar ölkədə QHT-lərin fəaliyyətini hələ də mümkünsüz edir. Bütün il ərzində məhbuslar və saxlananlara işgəncələrin tətbiq olunduğu və onlarla pis rəftar edildiyi barədə xəbərlər gəlməkdə davam edib”.
Hesabatda deyilir ki, Azərbaycanda hakimiyyət tənqidçilərinin təqibləri və mühakimələri dayanmır: “REAL Hərəkatının lideri İlqar Məmmədov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olsa da, o, həbsxanadan azad olunmur. Gənc fəallar İlkin Rüstəmzadə, Murad Ədilov, jurnalist Seymur Həzi və bloqçu Əbdül Əbilov hələ də həbsxanadadırlar”.
Hesabatda deyilir ki, ötən ilin avqustunda, konstitusiya referendumu ərəfəsində hökumət 8 fəalı narkotik maddə, xuliqanlıq, qızışdırıcılıq və qanunsuz biznes fəaliyyəti də daxil olmaqla saxta və siyasi motivli ittihamlarla həbs edib: “Bundan başqa hakimiyyət bir sıra fəalları Amerikada yaşayan müsəlman-türk vaiz Fətullah Gülənə aid ədəbiyyatı qaçaqmalçılıq yolu ilə xaricdən gətirməkdə ittiham edib. Bu iş üzrə həbs edilənlər arasında “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli də var. Bundan əvvəl hakimiyyət orqanları müxalif AXCP sədrinin müavini Fuad Qəhrəmanlını, partiyanın lideri Əli Kərimlinin müşaviri Məmməd İbrahimi, partiyanın gənc fəalı Elvin Abdullayevi qondarma ittihamlarla həbs etmişdi”.
Hesabatda qeyd olunur ki, müstəqil media qurumları qısnama və bağlanma təhlükəsi ilə üzləşir, hakimiyyəti tənqid edən jurnalistlər onların susdurulmasına yönəlmiş hədə-qorxu ilə qarşılaşır: “Berlində yaradılmış müstəqil “Meydan TV” saytı ilə əməkdaşlıq edən 15 jurnalistə qarşı cinayət araşdırmaları başlanıb. “Azadlıq” qəzeti borcla əlaqədar üzləşdiyi qısnamalarla bağlı nəşrini dayandırıb, Fətullah Gülənlə müsahibənin anonsunu verdikdən sonra ANS TV-nin lisenziyası ləğv olunub”.
Novator.az xatırladır ki, ötən ilin oktyabrında Sülh və Demokratiya İnstitutu (rəhbəri Leyla Yunus – Niderlandda yaşayır), Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı (koordinatoru Oqtay Gülalıyev) və Siyasi Məhbusların Monitorinqi Mərkəzi (rəhbəri Elşən Həsənov) siyasi məhbuslarla bağlı siyahı təqdim ediblər. Siyahıda 166 məhbusun adı yer alır.
Həmin ay 94 nəfərin adı daxil edilən daha bir siyasi məhbus siyahısını hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev açıqlayıblar.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.