Prezident: “Bir həftə qabağımızda duruş gətirə bilməzlər”
“Biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 yanvar iclasında belə deyib. Novator.az-ın məlumatına görə, dövlət başçısı giriş nitqində qeyd edib ki, 2016-cı ildə ölkənin qarşısında duran bütün əsas vəzifələr təmin olunub: “Azərbaycan neftlə zəngin digər ölkələr kimi neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan bu böhranlı vəziyyətdən də uğurla çıxa bilib. Neftin qiyməti 3-4 dəfə aşağı düşüb. Bu o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirib. Biz bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik.
2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.
Ümumi daxili məhsul aşağı düşsə də, digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artıb. Bu o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bu gözəl nəticəni təmin edib. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması çox böyük göstəricidir.
Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artıb.
Bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.
Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulub. Daxili sərmayə isə 3,7 milyard dollar olub. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq.
2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşüb. Azərbaycanda isə biz Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşüb. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşüb. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq”.
Dövlət başçısı deyib ki, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb: “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olub. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq.
Biz ünvanlı sosial yardımla bağlı çox önəmli addımlar atmışıq. Yəni ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır.
Eyni zamanda sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılıb, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcək. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bu sosial ədalət prinsipini əsas prinsip kimi götürüb və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik.
Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilib. 485 məktəb təmir edilib, 29 yeni məktəb tikilib, 41 xəstəxana tikilib və ya təmir edilib. Biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu bir daha bizim sosial siyasətimizi göstərir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident deyib ki, Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək: “Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşı olacaq. 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub. Növbəti erməni hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar torpağı işğaldan azad edib. Bu bizim şanlı tarixi qələbəmizdir. Bu bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik.
Aprel döyüşləri bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda illər boyu Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.
Biz həmişə olduğu kimi konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olub”.