Qubad İbadoğlu
Yanvarın 10-da ölkə prezidenti Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərman verib. Fondun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856 min manat məbləğində təsdiqlənib. Bununla əlaqədar bəzi məqamlara diqqət çəkmək istəyirəm.
Dövlət Neft Fondunun büdcəsinin təsdiqi proseduru pozulur. Bu il üçün də fondun büdcəsi 1 ay 10 gün gecikmə ilə təsdiq edilib. Prezidentin 12 sentyabr 2001-ci il fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, Dövlət Neft Fondunun büdcəsi hər il 1 dekabrdan gec olmayaraq təsdiqlənməlidir. Təəssüf ki, qanunvericiliyin bu tələbi fond yaranandan heç vaxt yerinə yetirilməyib.
Dövlət Neft Fondunun büdcəsində kəsir kəskin artır. İlk dəfədir ki, fond büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq, bu da xərclərin 42,2 faizinin fondun aktivləri hesabına maliyyələşdiriləcəyini deməyə əsas verir. Bu il ilk dəfədir ki, fondun illik gözlənilən gəlirləri onun planlaşdırılan xərclərinin 57,8 faizini örtə biləcək.
Fondun mədaxilinin təminatında tükənən və azalan gəlirlər üstünlük təşkil edir. 2017-ci il büdcəsinin gəlirləri əsasən Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər hesabına formalaşacaq. Proqnoza görə, həmin mənbədən fondun büdcəsinə 7 milyard 550 milyon 705,3 min manat vəsait daxil olacaq, bu da ümumi gəlirlərin 90,2 faizini təşkil edəcək. Bu məbləğ neft və qaz hasilatının səviyyəsindən və dünya bazar qiymətlərindən asılı olaraq dəyişə bilər.
Fondun aktivlərinin idarə olunmasından gəlirləri manatla artır. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq.
Böhranın xərcləri fonddan maliyyələşdirilir. İlk dəfə olaraq bu il fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert nəzərdə tutulub. Onun yuxarı həddi 7,5 milyard manat müəyyən edilib ki, bu da fondun cari ildə proqnozlaşdırılan gəlirlərinin 90 faizə qədərini təşkil edir. Halbuki “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın qüvvədə olduğu dövrdə daimi real xərclər prinsipi əsasında müəyyənləşdirilmiş xərc hədlərinə riayət olunmalıdır. Bu qayda yenə də pozulub. Strategiyaya görə, ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə (neft sektoru istisna olmaqla ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərqə) əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır. Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və nəzərə almaq lazımdır ki, qeyri-neft kəsiri belə sürətlə ani dəyişə bilməz.
Fiskal qaydalar olmadan fondun gəlirlərinin dördə üçündən çoxu xərclənir. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin tətbiqi barədə fərmanda Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsi və yeni fiskal qaydalara dair təkliflər 6 ay müddətində hazırlanmalıdır. Bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsi təmin olunmalıdır. Belə çıxır ki, hökumət fiskal qaydaları fondun gəlirlərinin 80 faizə qədərini xərcləyəndən sonra tətbiq edəcək. Təbii sərvətlərdən gəlirlərin idarə olunmasında fiskal qaydalar və fiskal çərçivə çox vacibdir. Bununla əlaqədar hökumətə dəfələrlə təkliflər versək də, indiyə qədər nəzərə alınmayıb.
Hazırda yenə də aşağıdakı suallar açıq qalır: hər il fonddan gəlirlərin neçə faizi çıxarıla bilər? Uzunmüddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə idarə olunur? Hansı xərc maddələri fonddan maliyyələşdirilə bilər, hansılar maliyyələşdirilə bilməz?
Fondun büdcəsinə Hesablama Palatası rəy vermir. Halbuki palatanın daxili nizamnaməsinə görə belə bir rəyi vermək qurumun əsas öhdəliklərindəndir. Dövlət Neft Fondu büdcədənkənar institutdur. Ona görə də Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə dair rəy verməlidir. Qurumun fondun büdcəsinə rəy verməməsi, eləcə də ali audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinin inhisarçılıq rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.
Fondun fəaliyyətinə ictimai nəzarət yoxdur. Dövlət Neft Fondunun əsasnaməsinə görə, Müşahidə Şurası dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılmalıdır. Buna əməl edilmədiyi üçün fondun idarə olunmasında vətəndaş iştirakçılığı və ictimai nəzarət imkanları məhduddur və bu da Müşahidə Şurasının formal fəaliyyətini şərtləndirir. Bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir.