Nazirlər Kabinetinin 10 yanvar iclasına yekun vuran prezident İlham Əliyev ölkənin 2017-ci ildə uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq: “2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılıb. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək.
Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, çoxmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək.
Bununla yanaşı Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxud da sənədləri hazırlıq mərhələsində olan çoxmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət alıb. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində çoxmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.
Biz keçən ay “Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.
Üç layihə çərçivəsində şəhərimizdə çoxmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu bizə nə verəcək? İlk növbədə mənzil fondu yeniləşir. Digər tərəfdən şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq”.
Prezident qeyd edib ki, bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiya birrəqəmli olmalıdır: “Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir”.
Prezident keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atıldığını vurğulayıb: “Nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
Dövlət başçısı sonra hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deyib: “Büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.
İlham Əliyev “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı böyük işlər görüləcəyini bildirib: “Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. “Cənub” qaz dəhlizi o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə kim düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, “Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.
İlk növbədə heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər sadəcə olaraq özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz “Cənub” qaz dəhlizini də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə belə ucuz şantaj hərəkətləri yersizdir.
Onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə kim düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. “Cənub” qaz dəhlizini biz icra edəcəyik və vaxtında”.