Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsində bloqçu Mehman Hüseynovun məhkəməsi keçirilib.
Hakim Babək Pənahovun sədrliyi ilə keçən prosesdə Mehman Hüseynov 200 manat cərimələnib və sərbəst buraxılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xəta törətməkdə təqsirli bilinib.
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Mehman Hüseynovu yanvarın 9-da mülki geyimli şəxslər Bakının mərkəzində maşına basıb aparmışdılar. Sonradan onun Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində saxlandığı bəlli olmuşdu.