Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya illik hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və ölkənin antikorrupsiya təcrübəsi innovativ xarakteri ilə seçilir: “2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilib və geniş miqyaslı islahatlar həyata keçirilib. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar aparılıb. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və proseduralar sadələşdirilib. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülüb”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bildirir ki, islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksində 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb: “2016-cı ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə milli fəaliyyət planlarının yekun qiymətləndirilməsini həyata keçirib. Müəyyən edilib ki, korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planını dövlət orqanları 86 faiz, açıq hökumətin təşviqi üzrə milli fəaliyyət planını isə 82 faiz icra edib.
Hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə, şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilib. Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin olunub. Müəllimlərin əmək haqları artırılıb və sosial təminatları gücləndirilib”.
Hesabatda qeyd olunur ki, korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb: “Beynəlxalq Şəffaflıq” təşkilatının hazırladığı Korrupsiya Qavrama İndeksində Azərbaycan əvvəlki illə müqayisədə 7 pillə irəliləyib. Qurumun digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən 2016-cı il Qlobal Korrupsiya Barometri isə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələrinə görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 3 mart 2004-ci ildə yaradılıb, korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sədrlik edir. 15 nəfərlik qurumun 5 üzvünün təyinatı prezidentin, 5 üzvünün təyinatı Milli Məclisin, 5 üzvünün təyinatı Konstitusiya Məhkəməsinin səlahiyyətindədir.