Ekspert: “Az qala hər nazirlik fond yaradıb”

371 0

“Dövlət büdcəsi kiçildikcə büdcədənkənar fondlar böyüyür”. İqtisadçı ekspert Qubad İbadoğlu dövlət təşkilatlarının nəzdində yaradılan fondların fəaliyyət prinsipinə və yığılan vəsaitlərin yönləndirilməsinə diqqət çəkərək belə yazır. Novator.az bildirir ki, ekspert yığılan vəsaitlərin xərclənəcək ünvanları haqqında məlumatların vətəndaşlara əlçatan olmasını vacib hesab edir: “Azərbaycanda müxtəlif dövlət təşkilatlarının nəzdində yaradılan fondlar haqqında yalnız ümumi məlumatlara çıxış imkanları mövcuddur. Gəlir mənbələri məlum olsa da, xərc istiqamətləri haqqında açıqlama verilmir. Onlar büdcədənkənar inkişaf fondları adı ilə müxtəlif dövlət orqanlarının nəzdində yaradılır deyə buraya yığılan vəsaitləri dövlət büdcəsində görmək olmur. Büdcə sənədlərində yalnız “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna rast gəlmək mümkündür, açıqlanan yeganə məlumat isə fondun gəlirlərinin 108 milyon manat olmasıdır.

Az qala hər nazirlik fond yaradıb: gömrük sisteminin büdcədənkənar inkişaf fondu, vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən formalaşan fond və sair. Son illərin trendi göstərir ki, vergi, gömrük, yol polisi və başqa sistemlərə rəhbərlik edənlərin başlıca marağı təkcə dövlət büdcəsinin deyil, əslidə bundan da çox birbaşa sərəncam verdiyi fondların gəlirlərinin artmasını təmin etməkdır.

Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilir, vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanlarının tətbiq etdiyi və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına yaradılan büdcədənkənar fond da eyni funksiyanı yerinə yetirir, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavə olunur.

Bütün bunlar həmin sistemin işçilərində büdcəyə deyil, fonda daha çox vəsait yığılmasına stimul yaradır. Məsələn, bu ilin büdcəsində vergi sanksiyaları 90 milyon manat proqnozlaşdırılıb. Vergi orqanları il ərzində 120 milyon manatlıq cərimə və sanksiyalar tətbiq etməlidir ki, onun 90 milyon manatını büdcəyə, 30 milyon manatını isə vergi orqanları işçilərinin sosial müdafiəsi, maddi həvəsləndirilməsi və inkişaf fonduna yönəltsinlər”.

Qubad İbadoğlu şəffaflığın və hesabatlılığın təmin edilməsi üçün fondların birbaşa dövlət büdcəsinə istiqamətlənməsini düzgün hesab edir: “Ötən ilin ilk 8 ayında yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələr 58,5 milyon manat olub. Bu, ayda orta hesabla 7 milyon deməkdir. Yəni ötən il üçün yol hərəkəti qaydalarının pozulmasına görə gözlənilən yığım 90 milyon manata çata bilər. Göründüyü kimi, vergi orqanlarının və yol polisinin cərimələrinin birlikdə məbləği 210 milyon manatdan çoxdur. Vergi orqanları bu məbləğin 75 faizini büdcəyə köçürsə də, yol polisinin topladığı cərimələrin ən yaxşı halda 10 faizini 2017-ci il büdcəsində görmək olar. Çünki bu ilin büdcəsində cərimə və sanksiyalara görə büdcəyə daxilolmalar 101 milyon manat nəzərdə tutulur, onun da 90 milyon manatını vergi qanunvericiliyinin pozulmasına görə ödəmələr təşkil edəcək.

İldən-ilə böyüyən cərimə fondlarının inkişaf fondları adı ilə ayrı-ayrı dövlət orqanlarının sərəncamında saxlanaraq qeyri-şəffaf və hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətindən kənarda qalmalı deyil. Xüsusilə də yuxarıda adı çəkilən fondların xərclənməsi barədə əhaliyə müntəzəm olaraq hesabat xarakterli məlumatlar verilməlidir. Cərimələnən sahibkar, sürücü, piyada bilməlidir ki, onun ödədiyi məbləğ hara gedir, onu kimlər və necə xərcləyir.

Yaranmış vəziyyətdən çıxışın ən düzgün yolu həmin fonların və kassaların ləğv edilərək cərimə və sanksiyalara görə ödənişlərin birbaşa büdcəyə yönəldilməsidir. Bu halda eyni vaxtda iki problemi həll etmək mümkündür: şəffaflıq və hesabatlıq, cərimələrin və sanksiyaların əsassız tətbiqinin qarşısının alınması. Büdcə sahəsində çalışanlara, o cümlədən vergi, gömrük, yol polisi işçilərinə, müəllimlərə, həkimlərə isə layiqli əməkhaqqı vermək və onu qiymətlərin artımına müntəzəm olaraq indeksləşdirmək gərəkdir”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id