2015-ci ilin ortalarından dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib. İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev AZƏRTAC-ın bu mövzuda suallarını cavablandırıb. Novator.az-ın məlumatına görə, nazir deyib ki, dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib, 2016-cı il sentyabrın 1-dən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir: “Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan duruldan, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və sair dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur.
2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir”.
Şahin Mustafayev qeyd edib ki, ötən il 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb: “Manatın ABŞ dollarına olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb.
Gələcəkdə manatın məzənnəsindəki dəyişikliklərin dərman təchizatına təsirinin neytrallaşdırılması və daha çevik tədbirlərin görülməsi məqsədilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında müvafiq dəyişikliklər edilib.
Tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai nəzarət və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satıldığı üçün vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən bahalaşma qanunaziddir.
Tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar”.
Əczaçılıq sənayesinin inkişaf potensialı barədə danışan nazir deyib ki, ötən ilin noyabr ayında Pirallahı Sənaye Parkında Rusiya ilə birgə müəssisənin – Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub: “İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsal daha da genişləndiriləcək.
Yanvar ayında İranla da birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək.
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlayır. Eyni zamanda Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər.
Tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorların marağı var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır.
Ümumiyyətlə Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq”.