“Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək”. Prezident İlham Əliyev xalqa yeni il müraciətində belə deyib.
Dövlət başçısı müraciətində qeyd edib ki, 2016-cı ildə ölkənin beynəlxalq mövqeləri daha da möhkəmlənib: “Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənib. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar verib.
2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilib. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.
Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərib. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”.