Türkiyədə konstitusiya islahatı layihəsini araşdıran komissiya işini başa çatdırıb. Novator.az-ın məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının da dəstəklədiyi layihə ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur.
Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Parlament 4 ildən bir seçilir. 5 ildən bir seçilən prezident isə dövlət başçısıdır.
Konstitusiya dəyişikliyi layihəsi 18 maddədən ibarətdir. Layihə prezidentin həm dövlət başçısı, həm də hökumət başçısı olmasını nəzərdə tutur. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur. Prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir.
Layihədə parlamentin deputatlarının sayını 600-ə qaldırmaq, millət vəkili seçilmək yaşını 25-dən 18-ə endirmək təklif edilir.
Layihəyə görə, parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək. Konstitusiya dəyişikliyi layihəsi parlamentdən keçib referendumda təsdiqlənsə, ilk belə seçkilər 3 noyabr 2019-cu ildə olacaq.
Parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır. Dövlət başçısının parlamenti buraxmaq, parlamentin isə prezidenti istefaya göndərmək səlahiyyəti olacaq. Bu hallarda prezident və parlament seçkiləri birlikdə keçiriləcək.
Konstitusiya dəyişikliyi məhkəmə sistemində bəzi yenilikləri də nəzərdə tutur. Hərbi məhkəmələrin ləğvi də bu sıradadır.
Hazırda Türkiyə prezidenti postunu Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan tutur. O, 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.