Dekabrın 29-da ABŞ-da Rusiyaya qarşı yeni sərt qərarlar verilib. Novator.az bildirir ki, qərarın bir hissəsini Dövlət Departamenti, digər hissəsini prezident Barak Obama qəbul edib.
Dövlət Departamenti Rusiyanın 35 diplomatını arzuolunmaz şəxs elan edib. Qərara əsasən, diplomatlar 72 saat ərzində ABŞ-dan qovulmalıdır. Bu qərar diplomatların öz statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları və Rusiyada ABŞ diplomatlarına təzyiqlərin göstərilməsi ilə əsaslandırılıb.
Rusiyanın Nyu-York və Merilenddə iki diplomatik şəhərciyinin bağlandığı da bildirilir.
Barak Obama isə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Rusiya Federal Təhlükəsizlik Xidməti də daxil olmaqla bəzi qurumlara, fiziki şəxslərə sanksiya tətbiq edib. Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov da sanksiya tətbiq olunan şəxslər arasındadır.
Rəsmi Vaşinqton bir müddətdir Rusiyanı bu il noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxilədə təqsirli bilir. Qeyd olunur ki, rusiyalı hakerlər Demokratlar Partiyasının serverini yararaq oradan bəzi yazışmaları ələ keçirib yayıblar, nəticədə demokratların namizədi Hillari Klintonun gözdən salınmasına və seçkini Respublikaçılar Partiyasının namizədi Donald Trampın udmasına nail olublar. Rusiyalı hakerlərin seçki qurumlarının saytlarına da müdaxilə etdiyi vurğulanır.
İstər Dövlət Departamentinin, istərsə də prezident Obamanın yeni sanksiyaları bu qalmaqalla əlaqədardır.
Rusiyaya qarşı atılan addımları bəyan edərkən Barak Obama deyib: “Bu addımlar bizim Rusiyanın aqressiv hərəkətlərinə cavabımızdır. Bu hələ son deyil. Müxtəlif tədbirlər davam etdiriləcək, onların bəziləri elan olunmaya bilər”.
Barak Obama qeyd edib ki, onun imzaladığı sanksiyalar 9 təşkilatı və fiziki şəxsi əhatə edir. O, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin adlarını çəkib və bildirib ki, Baş Kəşfiyyat İdarəsinin 4 zabitinə, eləcə də kiber hücumlara maliyyə dəstəyi verən 3 şirkətə sanksiya qoyub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ittihamları əsassız saydığını vurğulayıb və qeyd edib ki, Vaşinqtonun sanksiyalarına adekvat cavab veriləcək.
8 ildir ABŞ-a rəhbərlik edən Barak Obama 2017-ci ilin yanvar ayının 20-də postunu tərk edəcək, ölkəyə yeni seçilmiş prezident, 70 yaşlı milyarder Donald Tramp rəhbərlik etməyə başlayacaq.