Vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində vergi sistemindəki yeniliklərdən söhbət açıb. Vergi Məcəlləsinə son dəyişikliklərə toxunan nazir deyib: “Bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddə dəyişdirilib, 3 maddə isə məcəllədən çıxarılıb. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Prezidentin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib.
Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Bankların fiziki şəxslərin əmanəti üzrə ödədiyi illik faiz gəlirlərinin, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər – 2023-cü ilin fevral ayınadək uzadılıb.
Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də qısaldılıb.
Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələrində pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq”.