“2003-2015-ci illərdə ümumi daxili məhsul (ÜDM) 3,7 dəfə, o cümlədən qeyri-neft ÜDM-i 3,3 dəfə, neft ÜDM-i isə 4,2 dəfə artıb. Qeyri-neft sektorunun ÜDM-də payı 2003-cü ildə 62,2 faizdən 2015-ci ildə 69,3 faizədək yüksəlib, özəl sektorun ÜDM-də xüsusi çəkisi 81,2 faizə çatıb, ölkə iqtisadiyyatına 206,7 milyard ABŞ dolları həcmində investisiya cəlb olunub, 1,1 milyonu daimi olmaqla ümumilikdə 1,5 milyon yeni iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 9,1 dəfə azalaraq 4,9%-ə, işsizlik səviyyəsi isə 5%-ə enib”. Novator.az-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc olunan məqaləsində belə yazır.
Məqalə prezident İlham Əliyevin 13 illik hakimiyyəti dövründə görülən işlərə həsr olunub.
Nazir qeyd edir ki, 2004-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 934,9 milyon manat subsidiya verilib, kənd təsərrüfatına verilmiş güzəştli kreditin həcmi 1,35 milyard manat olub.
Şahin Mustafayev yazır ki, son 13 ildə Sahibkarlığa Kömək Milli Fondu 32 mindən çox sahibkarlıq subyektinin layihələrinin icrasına 1,9 milyard manatdan çox güzəştli kredit verib: “Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələr 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb”.
2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını xatırladan nazir bildirir ki, qanunun tətbiqindən sonra vergi yoxlamaları istisna olmaqla cəmi 68 yoxlama keçirilib: “Ötən ilin müvafiq dövrü ərzində yoxlamaların sayı 67 mindən çox idi. Həmçinin bu dövrdə aparılan vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz olub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib”.
Şahin Mustafayev yazır ki, son 13 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə, orta aylıq pensiyalar 10 dəfədən çox artıb: “Qeyd olunan dövrdə əhalinin orta aylıq əməkhaqqı 6 dəfədən çox artaraq 466,9 manata çatdırılıb. 2016-cı ilin yanvar-noyabr ayları ərzində isə orta aylıq əməkhaqqı 490,5 manat təşkil etdib”.