Dövlət başçısı “Nağdsız hesablaşmalar haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıqlar) ilə həyata keçirilən hesablaşmalar; ödəniş terminalları ilə həyata keçirilən hesablaşma; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşma nəzərdə tutulur.
Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir.
Bu qayda ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.
Qanun bu hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutur:
– vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
– “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
– dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
– əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
– stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi;
– faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) və digər ayırmaların ödənilməsi və qaytarılması;
– dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
– təhsil haqlarının ödənilməsi;
– turagentlərə ödəmələr.