Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə proses başa çatmaq üzrədir. “Report”un məlumatına görə, dekabrın 26-da hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Taleh Bağırova ömürlük, Fuad Qəhrəmanlıya 11 il həbs cəzası verilməsini təklif edib.
Prokuror təqsirləndirilən digər 16 nəfərin 15-20 il arası azadlıqdan məhrum edilmələrini istəyib.
Proses gələn il yanvarın 9-da davam etdiriləcək.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Baş Prokurorluq Fuad Qəhrəmanlının həbsi ilə bağlı məlumatında bəyan edib ki, aparılmış istintaqla Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb.
İstər Taleh Bağırov və Fuad Qəhrəmanlı, istərsə də təqsirləndirilən digər şəxslər ittihamları rədd edir, bunu siyasi sifariş adlandırırlar. “Nardaran işi”nə görə tutulanların əksəri saxlanarkən və sonralar hüquq mühafizə orqanı əməkdaşlarının işgəncələrinə məruz qaldıqlarını da bəyan edirlər. Onların bu iddiaları isə rəsmən təkzib edilib.