Dörd aya yaxındır işıq üzü görməyən “Azadlıq” qəzetinin dekabrın 24-də 27 yaşı tamamlanır. Avqustun 20-də qəzetin direktoru Faiq Əmirli həbs ediləndən redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb. Bank əməliyyatları apara bilmədiyindən qəzetin “Azərbaycan” nəşriyyatına borcu artıb, sentyabrın 5-də “Azadlıq”ın çapından imtina edilib.
Redaksiyanın açıqlamalarına görə, əvvəlcə Beynəlxalq Bankın Səbail filialı direktorun səlahiyyətlərinin icrası üçün başqa şəxsin imza nümunəsinin notarial qaydada təsdiqini istəyib. İmza nümunəsi məsələsi həll ediləndən sonra bank baş redaktor Qənimət Zahidin baş redaktorun birinci müavini Rahim Hacıyevə verdiyi etibarnamənin yenilənməsi tələbini qoyub. 2011-ci ildən Fransada yaşayan Qənimət Zahid Rahim Hacıyevin adına yeni etibarnamə göndərsə də, redaksiyanın maliyyə əməliyyatları aparması, nəşriyyata vəsait ödəyib çapını bərpa etməsi mümkün olmayıb.
Faiq Əmirliyə gəlincə, avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmaqda, öz qulluq mövqeyindən istifadə etməklə sosial, dini nifrət və düşmənçilik salmaq cəhdində günahlandırır.
Qəzetin aparıcı əməkdaşlarından olan Seymur Həzi isə 2014-cü il avqustun 29-da tutulub. O silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Dekabrın 23-də baş redaktorun birinci müavini Rahim Hacıyev “Azadlıq” radiosuna deyib ki, indiki dövr “Azadlıq” qəzetindən ötrü ən ağır iki ildən biridir: “1990-cı il yanvarın 20-də sovet qoşunları Bakını işğal edən zaman “Azadlıq” qəzetinin çapı dayandırılmışdı. İndi də təxminən eyni vəziyyətdir. Lap əvvəldən “Azadlıq” qəzeti müstəqillik uğrunda mübarizə aparan qüvvələrin tribunası idi. Son dövrlərdə isə “Azadlıq” qəzeti Azərbaycan müxalifətinin – demokratiya uğrunda mübarizə aparan adamların ruporuna çevrilmişdi. Bunun qarşısı alındı. Kağız variantının fəaliyyətinə imkan verilmədi. Çox təəssüf ki, biz “Azadlıq” qəzetinin 27 illiyini belə bir şəraitdə qarşılayırıq”.
Rahim Hacıyev qeyd edib ki, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli saxta ittihamlarla həbs edilib: “Maliyyə məsələlərini o həll edirdi. Bank əməliyyatlarını onun aparmaq səlahiyyəti vardı. Onun həbsindən sonra müraciət etdik, sənədlərimiz qəbul olunmadı. Xeyli sənəd tələb edildi. Beynəlxalq Bankın hüquqşünası vəzifəsini daşıyan şəxs deyir filan-filan sənədləri verin, məsələ həll olunar. Həmin sənədlər hazır olandan sonra gedirik filiala, deyirlər ki, o bunu əsassız deyib, bu mümkün deyil.
Digər tərəfdən də bizim üçün mürəkkəb bir vəziyyət yaradılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası vaxtilə “Azadlıq” qəzetinin həmtəsisçisi olub. 1998-ci ildə AXCP təsisçilikdən imtina edib. Amma rəsmi qurumlar o vaxt həmin sənədi qəbul etməyib. 2015-ci ildə AXCP təsisçilikdən imtina barədə yeni qərar çıxarıb. Bu dəfə isə Ədliyyə Nazirliyi ümumiyyətlə AXCP-nin sənədlərini qəbul etməyib. Elə bir vəziyyət yaradılıb ki, bu gün “Azadlıq” qəzeti heç bir addım ata bilmir. Bank əməliyyatları aparılmadan qəzet necə çıxa bilər? Bu gün hesabımızda bir neçə min manat pul var. Özümüz də ağır durumdayıq. Ancaq öz pulumuzu götürə bilmirik. Qəzetin çıxmaması üçün hər şey elədilər. Bu gün iki əməkdaşımız həbsdədir, qəzetin neçə jurnalisti həyatına real təhlükə yarandığından ölkədən qaçmağa məcbur olub. Astronomik məbləğdə məhkəmə cərimələri, başqa təzyiqlər bu vəziyyətə gətirib çıxarıb”.
Qəzetin saytına gəlincə, Rahim Hacıyev deyib: “Azadliq.info-nun fəaliyyəti kağız versiyasına bağlı idi. Ondan sonra istiqaməti dəyişmək, əvvəlkindən fərqli variant üzrə işləmək çətinliklər törədirdi. Müəyyən qədər bunun öhdəsindən gəlmişik. İndi saytdan ötrü işləyirik. Ancaq burda da çox ciddi problemlər var. Bu qədər populyar sayta reklam verən yoxdur, qorxurlar. Digər tərəfdən saytımıza haker hücumları davam edir. Bu yaxınlarda saytımıza giriş saatlarla ciddi məhdudlaşdırıldı. Elə problemlər yaradılır ki, həlli bizim iradəmizdən asılı deyil”.