Dekabrın 23-ü Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
İlham Əliyev deyib ki, Azərbaycan dünyada güclü idman dövləti kimi tanınır: “Bizim idman uğurlarımız çox parlaqdır. İldən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənib ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq”.
Dövlət başçısı qeyd edib ki, 2016-cı il ölkənin idman tarixində xüsusi yer tutacaq: “İlk növbədə ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb. Bu, böyük tarixi qələbədir. Bu, idmançılarımızın gücünü, eyni zamanda dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri var.
Yay Olimpiya Oyunlarında medalların sayına görə 18-ci yeri tutmaq doğrudan da böyük və tarixi qələbədir. Biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Rioda qazandığımız böyük qələbə eyni zamanda onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik.
Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Bu oyunlar ərəfəsində, oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda bu oyunların keçirilməsini də bütün beynəlxalq idman ictimaiyyəti yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.
Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi”.