Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibə verib. Novator.az-ın məlumatına görə, nazir qeyd edib ki, prezident İlham Əliyevin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələrdən biri əhatəliliyin maksimum dərəcədə artırılmasıdır: “Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506,1 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara həmin sosial ödənişlər şəklində ayda 316 milyon manat vəsait ödənir”.
Səlim Müslümovun sözlərinə görə, nazirliyin xətti ilə müxtəlif kateqoriyalardan (müharibə əlilləri və onlara bərabər tutulanlar, şəhid ailələri, I qrup əlillər, fəxri adı olanlar və başqaları) olan 57,2 min insana Azərbaycan prezidentinin aylıq təqaüdləri verilir: “Onların 95 faizdən çoxu eyni zamanda pensiya və ya sosial müavinət sistemi ilə əhatə olunublar. 20,3 mindən çox I qrup əlil şəxsə aylıq sosial müavinətlə bərabər prezidentin aylıq təqaüdləri də verilir.
Sosial müdafiə sisteminin digər komponenti olan sosial xidmətlərin əhatə dairəsi də genişlənib. Bu gün dövlət sosial sifarişləri əsasında 2 mindən çox şəxsə yönələn sosial xidmətlər sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsləri, çətin həyat şəraitində olan uşaqları və onların ailələrini də əhatə edir. Həmin şəxslərdən, tənha ahıl və əlil vətəndaşlardan ibarət 15 minədək şəxs stasionar və səyyar formada bu xidmətlərlə təmin olunur”.
Nazir deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsinin bütün istiqamətləri üzrə maliyyə təminatını normal səviyyədə həyata keçirir: “Cari ilin 11 ayında fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 2,9 milyard manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artmaqla 1,7 milyard manat olub. Qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib. Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64 faizini və ya 1 milyard 87 milyon manatını təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çoxdur. Daxilolmaların səviyyəsinin mütəmadi artımı fondun xərclərinin 98,2 faizini təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb”.
Gələn ilin planlarına toxunan nazir qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi sosial xərclər üçün nəzərdə tutulub: “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb. Gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 milyon 324 min nəfərə çatacağını göstərir.
Növbəti il üçün fondun büdcəsinin xərcləri cari ilin icra göstəricisinə nisbətən 8 faiz çox olmaqla 3,4 milyard manat həcmində gözlənir. Həmin vəsait hesabına əmək pensiyaları üzrə xərclərin 229 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 milyon manat, digər xərclərin isə 13,4 milyon manat artacağı gözlənir”.
Nazir əhalinin məşğulluq imkanlarının artırılması məsələlərinə toxunaraq deyib ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı isə 2003-cü ildəki 1 milyon 226,6 min nəfərdən 2016-cı il oktyabrın 1-nə 23,6 faiz artaraq 1 milyon 516,4 min nəfərə çatıb.