İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın milli valyuta ilə bağlı bir il əvvəl verdiyi qərarın nəticələrini şərh edib.
2015-ci ilin yanvar ayında dolların orta məzənnəsi 0,7844 manat olmuş, Mərkəzi Bankın 21 fevral qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpiyə qalxmışdı. Dekabrın 21-də isə Mərkəzi Bank qismən üzən məzənnə rejiminə keçib və həmin gün ABŞ dollarının qiyməti 1 manat 55 qəpik müəyyən edilib. Hazırda dollar 1 manat 75 qəpikdən bahadır.
Novator.az-ın məlumatına görə, Samir Əliyev yazır ki, üzən məzənnəyə keçid elan ediləndə tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması hədəf seçilsə də, ölkəyə maliyyə sabitliyi gəlmədi: “Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün valyuta ehtiyatlarının daha 20 faizini qurban verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyarda qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdən kənar ixrac artmayıb, hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23,4 faiz (347 milyon dollar) düşüb. Tədiyyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9,1 milyard dollar təşkil edib”.
Ekspert qeyd edir ki, məzənnənin hərracın nəticəsinə yox, Mərkəzi Bankın məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi: “Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox, qapalı “Bloomberg” platforması vasitəsilə həyata keçirilməsi də bazar iştirakçılarının sayını xeyli məhdudlaşdırdı. Üzən məzənnə yarımçıq olduğu üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Mərkəzi Bank pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirdi, əlavə notlar buraxdı. Eyni zamanda Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışı məhdudlaşdırıldı. Bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısı alındı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.
Bu gün Azərbaycanın maliyyə sistemi amortizatoru nasaz maşına bənzəyir. Amortizatoru pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avtomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır”.