Dekabrın 16-da Milli Məclis “Hərbi vəziyyət haqqında” qanuna birinci oxunuşda səs verib. Novator.az-ın məlumatına görə, qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhə boyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Layihəyə əsasən, hərbi vəziyyətin elan edilməsi üçün bunlar əsas ola bilər: Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə; Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycanın ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.
Hərbi vəziyyət prezidentin fərmanı ilə elan edilir. Fərman Milli Məclisin iclasında 63 səs çoxluğu ilə təsdiqlənməlidir.
Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması; gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi; yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması; hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi; Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi; komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi; kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi nəzərdə tutula bilər.