2016-cı ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkə Türkiyə olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki (Hesabat), Türkiyə ilə ticarətin həcmi ümumi dövriyyənin 13,23 faizini təşkil edib.
Rusiya 10,82 faizlə ikinci, İtaliya 10,77 faizlə üçüncü ölkədir.
İxracda əsas ölkələrin siyahısına 17,12 faizlə İtaliya başçılıq edir. Türkiyə ikinci (12,68 faiz), Çinin əyaləti Tayvan üçüncüdür (8,44 faiz).
Yanvar-noyabr aylarında idxalda əsas ölkələrin ilk üçlüyü belə olub: Rusiya (17,75 faiz), Türkiyə (13,82 faiz), Çin (8,25 faiz).
Bu ilin 11 ayında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,73 faiz artıb. Avropa İttifaqı üzrə ixracda 42,69 faiz, digər ölkələr üzrə ixracda 19,17 faiz azalma olub.
2016-cı ilin yanvar-noyabr aylarında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,32 faiz artıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 19,33 faiz azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz aşağı düşüb.
Hesabata görə, ABŞ-a ixrac ötən ilin 11 ayı ilə müqayisədə 76,07 faiz azalıb.
Avropa İttifaqı ölkələrinə ixracda Böyük Britaniya üzrə 642,75 faiz artım qeydə alınıb, Almaniyaya ixrac isə 51,29 faiz azalıb.
2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusa ixracda ötən ilin müvafiq dövrü ilə müqayisədə 484,26 faiz artım var.
Qazaxıstana ixrac 67,82, Qırğızıstana ixrac 14,8, Moldovaya ixrac 371,22, Tacikistana ixrac 98,21, Türkmənistana ixrac 257,2, Ukraynaya ixrac 112,17 faiz artıb.
Rusiyaya ixrac ötən ilin 11 ayı ilə müqayisədə 2,73 faiz, Özbəkistana ixrac 69,85 faiz azalıb.
Ukraynadan idxal 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 8,85 faiz azalıb. Almaniyadan idxalda 42,77, Fransadan idxalda 25, ABŞ-dan idxalda 44,02 faiz geriləmə var. İsraildən idxal 39,28 faiz azalıb.
Bəzi ölkələrdən isə idxal artıb. Türkmənistandan idxalda 82,02, Moldovadan idxalda 10,34, Özbəkistandan idxalda 70,19 faiz artım qeydə alınıb.