Xəzər dənizində “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışı davam edir.
Axtarışlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”, “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior” gəmiləri; Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-Caspian Marine Services Alyansının “Xudafərin” gəmisi; Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-BUE Caspian Alyansının “Caspian Pride” və “Caspian Provider” gəmiləri; Xəzər Dəniz Gəmiçiliyinə məxsus, Fövqəladə Hallar Nazirliyinin idarə etdiyi “Vixr-5” və “Vixr-8” gəmiləri; Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi; nazirliyin aviasiya dəstəsinin bir helikopteri ilə aparılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xəbər verir ki, ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində (Bakı, Neftçilər prospekti, 73) qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 50 841 10 62, +994 50 841 12 09.
Hadisə dekabrın 15-i səhər saat 5 radələrində baş verib. Xəzər dənizində güclü külək 3 saylı neft yığım məntəqəsinin sağ və solundakı estakadanın böyük bir hissəsini dənizə uçurub.
Estakadaya bitişik meydança və onun üzərindəki yaşayış budkası da dənizə düşüb. Nəticədə neft yığım məntəqəsində növbə çəkən 5 nəfər və yaşayış budkasında olan 5 nəfər itkin düşüb.
2015-ci il dekabrın 4-də güclü tufan “Neft daşları”ndakı 501 saylı özüldə estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atmış, 3 nəfər itkin düşmüşdü. Onlardan birinin meyiti aşkar edilib. Həmin gün Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş, şiddətli yanğın olmuş, 30 nəfər itkin düşmüşdü. Onlardan 12-nin meyiti tapılıb.