Dekabrın 15-i səhər saat 5 radələrində Xəzər dənizində güclü külək “Azneft”in Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və solundakı estakadanın böyük bir hissəsini dənizə uçurub.
SOCAR-dan APA-Economics-ə verilən məlumata görə, estakadaya bitişik meydança və onun üzərindəki yaşayış budkası da dənizə düşüb. Hadisə nəticəsində neft yığım məntəqəsində növbə çəkən 5 nəfər və yaşayış budkasında olan 5 nəfər itkin düşüb.
Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri hadisə yerinə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
2015-ci il dekabrın 4-də güclü tufan “Neft daşları”ndakı 501 saylı özüldə estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atmış, 3 nəfər itkin düşmüşdü. Onlardan birinin meyiti aşkar edilib. Həmin gün Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş, şiddətli yanğın olmuş, 30 nəfər itkin düşmüşdü. Onlardan 12-nin meyiti tapılıb.