Xəzərdə bu gün baş vermiş daha bir fövqəladə hadisə haqda məlumat yayılıb. Dekabrın 15-i səhər Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb. Dövlət Dəniz Administrasiyası bildirir ki, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla əvvəlcə yaxınlıqda olan “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” gəmiləri hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.
Qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı istiqamətində iş aparılır.
Səngəçal estakadasındakı qəza dekabrın 15-də Azərbaycan neftçilərinin Xəzər dənizində üzləşdiyi ikinci qəzadır. Digər qəza səhər saat 5 radələrində “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verib. Güclü külək 3 saylı neft yığım məntəqəsinin sağ və solundakı estakadanın böyük bir hissəsini dənizə uçurub. Estakadaya bitişik meydança və onun üzərindəki yaşayış budkası da dənizə düşüb. Nəticədə neft yığım məntəqəsində növbə çəkən 5 nəfər və yaşayış budkasında olan 5 nəfər itkin düşüb. Hazırda itkin düşənlər axtarılır. Axtarışlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Fövqəladə Hallar Nazirliyinin gəmiləri və bir helikopterlə aparılır.