Prezidentin mətbuat xidməti məlumat yayıb. Saat 15-ə olan məlumatda deyilir: “Dekabrın 15-i səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft”in Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində, ilkin məlumata görə, Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının prezidentinə məruzə edilib. Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Dövlət Neft Şirkətinin əməkdaşları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin meyiti tapılıb.
İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlət başçısına məruzə edilir”.
SOCAR-ın məlumatına görə, meyiti tapılan neftçi operator vəzifəsində çalışan Qafarov İlham Əlihüseyn oğludur.