Dekabrın 14-ü Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. AZƏRTAC-ın məlumatına görə, iclasda prezident İlham Əliyevin təqdim etdiyi qanun layihələri müzakirə olunub.
Vergilər naziri Fazil Məmmədov qeyd edib ki, qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi daşıyır. Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsini, uçot-qeydiyyatın asanlaşdırılmasını, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsini, 8 maddə vergi yükünün azaldılmasını, azadolma və güzəştləri əhatə edir.