Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Əli Həsənov deyib: “Sovet İttifaqı keçən əsrin iyirminci illərində Dağlıq Qarabağda məskunlaşmış ermənilərin mədəniyyət və xüsusiyyətlərini qorumaq üçün həmin bölgəyə Azərbaycanın tərkibində muxtar vilayət statusu verdi. 1980-ci illərin sonlarında, Sovet İttifaqı dağılmağa başlayanda Ermənistan Azərbaycana təzyiq göstərərək həmin regionu öz suverenliyi altına almaq niyyətini açıq ortaya qoydu. Ermənistan xüsusi xidmət orqanları oradakı erməniləri silahlandırmağa başladılar və 1990-cı illərin əvvəllərində Sovet İttifaqından qalan hərbçilərin köməyi ilə Dağlıq Qarabağı və əlavə olaraq Azərbaycanın Dağlıq Qarabağa bitişik 7 rayonunu da istila etdilər. Bu, Azərbaycan ərazisinin təxminən 20 faizi qədərdir. Ermənistandan qovulan 300 min azərbaycanlı da nəzərə alınmaqla işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Təbii ki, bu, ermənilərin təkbaşına görə biləcəkləri bir iş deyildi. Müəyyən xarici dairələr də həmin dövrdə onların işğalçılıq siyasətinə dəstək verir və bəraət qazandırırdılar. Erməni silahlı birləşmələri Xocalı şəhərinin əhalisini qətlə yetirərək soyqırımı həyata keçirildi və beləcə Dağlıq Qarabağın bütün ərazisi azərbaycanlılardan tamamilə təmizləndi. Onu da qeyd edim ki, artıq dünyanın 10 ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Bu problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Azərbaycanın ədalətli tələbləri dəstəklənir, Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar öz qərar və qətnamələrində Azərbaycanın tələbinə haqq qazandırıblar. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır.
Buna görə də işğal hələ də davam edir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində və digər ərazilərdə bütün evlər, infrastruktur, tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb. Problem humanitar fəlakət həddinə çatıb”.
Əli Həsənov qeyd edib ki, münaqişənin həlli ilə bağlı yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını istəsə, buna qısa zamanda nail ola bilər: “Həmsədrlər düzgün və qəti qərar qəbul etsələr, heç olmasa bu günə kimi qəbul olunmuş çoxsaylı qərarların icrası istiqamətində real addımlar atsalar, problem aradan qaldırılar. Nəzərə alınmalıdır ki, bu problem bütün region, hətta Avropanın təhlükəsizliyinə təhdiddir. Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə azad, öz mədəniyyət və adət-ənənələrini qoruyaraq yaşamaq imkanı verdiyini dəfələrlə bəyan edib.
Azərbaycan öz ərazilərinin işğal altında saxlanmasına sonsuza qədər səbir göstərməyəcək. Əksinə, vaxt gələcək ki, Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan tamamilə azad edəcək. Bizim dövlətimiz buna hazırdır”.
Başqa suallara cavabında prezidentin köməkçisi deyib ki, Azərbaycanda media və söz azadlığının olmaması iddiası yalandır və müəyyən maraqlı dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsidir: “Bircə Azərbaycanda deyil, müsəlman ölkələrinin əksəriyyətində əhalini, xüsusilə gəncləri müəyyən məqsədlərə uyğun istiqamətləndirməyə cəhdlər edilir. Gəncləri inandırmağa çalışırlar ki, guya onlar sıxışdırılır, guya islam aləmində demokratiya yoxdur. Bir sıra tanınmış beynəlxalq təşkilatlar və KİV-lər də bu iddiaları həqiqət kimi təqdim edirlər.
Azərbaycanda 3 min 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı var. Bizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə internet tam azaddır. Azərbaycanda media azadlığının səviyyəsini görmək üçün gündəlik çıxan qəzetlərə və internetə nəzər salmaq kifayətdir. Bu zaman görəcəksiniz ki, Azərbaycanın media məkanı azad və plüralistdir”.