“ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq bəyanatı sanki Azərbaycana xəbərdarlıq mahiyyəti daşıyır”. Politoloq Elxan Şahinoğlu Novator.az-a belə deyib. Onun fikrincə, bəyanat ultimatum tonundadır və rəsmi Bakının buna necə reaksiya verəcəyi maraq doğurur.
Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri dekabrın 8-i Hamburqda bəyanat yayıblar. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir: “Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri region xalqlarını barışığa aparan yeganə yol kimi sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994 və 1995-ci ilin atəşkəs razılaşmalarına sadiq qalmağa çağırırıq”.
Vasitəçilər Ermənistan və Azərbaycanı bu il Vyana və Sankt- Peterburqda keçirilmiş yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmalara hörmətlə yanaşmağa səsləyirlər: “Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq. Təkliflər münaqişənin nizamlanması üzrə danışıqların dərhal bərpası ilə birlikdə həyata keçirilməlidir. Biz Azərbaycan və Ermənistan liderlərinə çağırışlarımızı təkrarlayaraq çeviklik nümayiş etdirməyə və hazırkı işçi təkliflərin əsasında dayanıqlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar masasına qayıtmağa çağırırıq. Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq.
Biz tərəflərə xatırladırıq ki, münaqişənin həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi, həmsədr ölkələrin prezidentlərinin təklif etdiyi əlavə elementlər, o cümlədən Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır”.
Novator.az-a bəyanatı şərh edən Elxan Şahinoğlu sənədin sanki Azərbaycana xəbərdarlıq mahiyyəti daşıması fikrini belə əsaslandırıb: “Doğrudur, mətndə konkret ölkələrin adı çəkilmir ki, Azərbaycanın və ya Ermənistanın məsuliyyəti vurğulansın. Ancaq bir neçə cümlədə Azərbaycana eyham vurulduğunu bilmək mümkündür. Məsələn, “münaqişənin hərbi yolla həlli yoxdur” ifadəsi Azərbaycana mesajdır ki, torpaqları güc yolu ilə azad etməyə çalışmayın.
“Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. Döyüş meydanında tərəflər bir-birlərini öldürməyə çalışırlar. Hər yerdə belədir. Məgər Rusiya və ABŞ təyyarələri Suriyanı bombalayanda bilmirlər ki, bombalar altında mülki əhali də tələf olacaq? Hər belə bombardmandan sonra Suriyadan yüzlərlə dinc sakin həlak olur.
“Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq”. Bu da birbaşa Azərbaycana ünvanlanmış mesajdır. Çünki rəsmi Bakı cəbhə bölgəsindəki toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil. Bu monitorinq işğalın rəsmiləşdirilməsi və Azərbaycanın torpaqları azad etmək hüququnun əlindən alınması deməkdir.
“Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq” cümləsinin isə birinci hissəsi həmsədrlərin özlərinə aiddir. Çünki danışıqlar prosesində irəliləyişin əldə olunmamasına görə onlar da məsuliyyət daşıyırlar.
Həmsədrlərin bəyanatının sonuncu bölümü münaqişənin necə həll olunması mexanizminə həsr olunub. Bəyanatın bu hissəsində yeni heç nə yoxdur, Madrid planındakı maddələr sadalanıb. Həmin plandakı bir maddədən başqa bütün maddələr Azərbaycan üçün münasibdir. Söhbət “gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi” ifadəsindən gedir. Bu maddəni biz belə görürük: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”.
Ümumiyyətlə beynəlxalq vasitəçilərin “ərazi bütövlüyü” ilə “xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərini bərabər tutması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək”.