Hesablama Palatası auditlərə dair məlumat yayıb. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində aparılmış araşdırma zamanı bilinib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, hesablanma və ödənişdə nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində fəaliyyət qənaətbəxş olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.
Rəsmi hesabata görə, pensiya təyinatı və ödənişi üzrə bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadığı ətraflı araşdırılmadan, düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılıb, sığorta stajının, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin düzgün nəzərə alınmaması, vəfat etmiş şəxsin sığorta stajı üzrə hesablanmış pensiya məbləğinin ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri arasında düzgün bölüşdürülməməsi, pensiyanın baza hissəsinin düzgün hesablanmaması kimi nöqsanlara yol verilib.
Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində həyata keçirilmiş auditin nəticələri barədə məlumata əsasən, rayonlar səviyyəsində ayrı-ayrı tədiyyə növləri üzrə proqnozların bir sıra hallarda əhəmiyyətli kəsirlərlə və əhəmiyyətli artımlarla yerinə yetirilməsi vergi intizamının təmin olunmaması ilə yanaşı bəzi hallarda proqnozların da tam şəkildə əsaslandırılmadığını göstərib, belə hal kimi idarənin nəzarət əhatəsinə daxil olan rayonlarda spirtli içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin fəaliyyət göstərməsinə baxmayaraq 2014-cü və 2015-ci illər üzrə aksiz vergisi proqnozlarının müəyyən edilməməsi, lakin 2015-ci il ərzində 701,1 min manat aksiz vergisinin hesablanması və 536,2 min manat aksiz vergisinin dövlət büdcəsinə daxil olması faktı müəyyən edilib.
Obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (əsasən Bakı şəhərində və Abşeron rayonunda) yerləşən bir sıra aktiv vergi ödəyicilərinin bəyannamələrində dövriyyələrin göstərilməməsinin, digərləri üzrə isə dövlət büdcəsinə hesablanmış və ödənilmiş vergi məbləğlərinin azalmasının səbəbləri araşdırılmayıb.
16 vergi ödəyicisi üzrə silinmiş vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan tədbirlər vaxtında tam şəkildə həyata keçirilməyib, o cümlədən əksər vergi ödəyicilərinin əmlaklarının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə son yazışmaların tarixləri əvvəlki dövrlərə təsadüf etməklə müvafiq icra hakimiyyəti orqanlarının yalnız yerli strukturları ilə aparılıb, həmin qurumların mərkəzi aparatları ilə dəqiqləşdirilməyib, borcları silinmiş bir sıra vergi ödəyicilərinə aktivlərinin olub-olmaması barədə sorğular göndərilməyib, sorğuları cavablandırmayan vergi ödəyicilərinə isə maliyyə sanksiyaları tətbiq edilməyib.
Cəlilabad Rayon İcra Hakimiyyətində aparılan audit 2013-2015-ci illərdə bir neçə kənddə aparılan məktəb və yolların tikintisi, rayonun abadlıq-quruculuq işləri üçün istifadə edilən 41 milyon 956,8 min manat vəsaiti əhatə edib.
Bildirilir ki, orta məktəb binalarının, kəndlərarası avtomobil yollarının tikintisi, rayon mərkəzində abadlıq-quruculuq işləri zamanı nöqsanlara yol verilib. “Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları”nın tələblərinə əməl edilməyib, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, mövcud qaydaların tələblərinə əməl edilməyərək akt zalının, idman zalının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.
Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trasın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməyib, sürüşmə zonaları müəyyənləşdirilərək geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmayıb, su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3 kilometrlik hissəsində asfalt beton örtüyü dağılıb.
O cümlədən bəzi ərazilərdə insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmayıb, hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi düzgün qiymətləndirilmədiyi üçün istismara veriləndən az sonra dağılmalar, deformasiyalar əmələ gəlib.
Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə sənədləşmələrdə də nöqsanlar üzə çıxıb.
Hesablama Palatası Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda da audit keçirib. Audit 2014-2015-ci illərdə və 2016-cı ilin birinci yarışında dövlət büdcəsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilib.
Rəsmi məlumatda bildirilir ki, audit 4 qurum üzrə ümumilikdə 8 milyon 637,4 min manat vəsaiti əhatə edib. Məlum olub ki, Abşeron Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar mənzil fondunun maliyyə-təsərrüfat planını tərtib etməyib, gəlir və xərclər müəyyən edilərkən qeyri-yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kvadratmetrinə düşən xərclər araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslı hesablamalar aparılmayıb, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilib.
Bəzi hallarda təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər büdcə vəsaiti hesabına ödənilib, səmərəsiz xərclərə yol verilib, bəzi ödəmələr nağd qaydada həyata keçirilib, artıq material və vəsait silgisinə yol verilib.