Prezident İlham Əliyev dekabrın 2-3-də bölgələrə səfər edib. O, dekabrın 2-si Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olub. Tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident deyib ki, sosial siyasət hökumətin əsas istiqamətidir: “İnsanların sağlamlığı, onların ömrünün uzunluğu, sağlam həyat tərzi bizim üçün prioritetdir. Azərbaycan vətəndaşları bu gün ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər. Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir, onlara lazımi xidmət göstərilir və beləliklə, insanlarımız dövlət hesabına öz sağlamlığını qoruyurlar”.
Dövlət başçısı qeyd edib ki, hökumət sahibkarlığın inkişafına böyük diqqət göstərir: “Kənd təsərrüfatının inkişafı uğurla gedir. Bu il bu istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atılıb. Hazırda kənd təsərrüfatının müxtəlif sahələri – pambıqçılıq, baramaçılıq inkişaf edir. İl ərzində bu istiqamətlərdə çox böyük irəliləyiş var. İnsanlar yaxşı pul qazanırlar.
Bizim gələn il üçün çox böyük proqramlarımız var. Mənə verilən məlumata görə, uzun fasilədən sonra bu il Zərdabda 6 tona yaxın barama tədarük edilib, gələn il ən azı 3 dəfə artmalıdır. Uzun fasilədən sonra min hektara yaxın pambıq əkilib və yığım hələ davam edir. Gələn il 3 min hektarda pambıq əkiləcək. Hazırda Zərdab rayonunda yeni əkin sahələrinin suvarılması üçün çox böyük layihə icra edilir. Bu, respublika üzrə hazırda ən mühüm layihələrdən biridir. Biz gələn il on minlərlə, bəlkə də 100 min, 150 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edəcəyik. Onların arasında birinci layihə Zərdab rayonunda icra edilir. Bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, insanlar işlə təmin olunacaqlar, yaxşı pul qazanacaqlar və daha da yaxşı yaşayacaqlar.
Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bax, bu xəstəxanada 500-dən çox iş yeri yaradılıb. Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq.
Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olub. Buna baxmayaraq biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.
Dekabrın 3-də isə Tərtərdə şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. Prezident İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, bölgədə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək: “Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı böyük planlarımız var. Baramaçılıq, pambıqçılıq inkişaf edir. Gələn il 3 min hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq. Baramaçılığın da həm dövlətə, həm də insanlara çox böyük xeyri var. Yəni qısa müddətdə, 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alınmalıdır ki, dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi xaricdən tinglər gətirilir, təsərrüfatlara verilir.
Kənd təsərrüfatının daha sürətlə inkişaf etdirilməsi üçün digər tədbirlər də görülür. Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə texnika verilir. Bütün bunları dövlət öz üzərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də dünya miqyasında nümunəvi ölkədir. Çünki mən öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə tanımıram və bunun nəticəsində, – baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır, – Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu il də artım var, gələn ildə də artım olacaq. Bir sözlə, qarşıdakı mərhələdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq”.
Həmin gün Ağdama gedən prezident Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Mahrızlı kəndində aprel döyüşlərində zərər görmüş evlərin necə bərpa olunduğunu yoxlayıb. İlham Əliyev Bakir Hüseynovun yeni tikilmiş evinə baş çəkib. Dövlət başçısına bildirilib ki, hərbi əməliyyatlar zamanı Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılıb. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bir məktəb və iki uşaq bağçasında da əsaslı təmir işləri həyata keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev Qarabağ münaqişəsindən danışıb: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər”.
Sosial-iqtisadi məsələlərə toxunan prezident qeyd edib ki, Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: “Çünki Ağdam rayonunun böyük hissəsi işğal altındadır və bizim nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılmalıdır. Son illər ərzində Ağdamda 18 köçkün qəsəbəsi tikilib. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda qaçqın-köçkün şəhərciyi anlayışı yoxdur. Bu gün Ağdamda 90 mindən çox əhali yaşayır. Bu da çox yaxşı, sevindirici haldır. Digər bölgələrdə məskunlaşmış vətəndaşlar qayıdır. Onlar üçün şərait yaradılır. İstərdim ki, daha çox ağdamlı qayıtsın. Dövlət öz dəstəyini göstərəcək.
Burada iqtisadi inkişafla bağlı addımlar atılır. Xüsusilə kənd təsərrüfatı ilə bağlı. İnfrastruktur layihələri icra edilir. Bir neçə böyük kənd yolu layihəsi artıq icra olunub. Növbəti mərhələdə qalan layihələr icra ediləcək. Qazlaşdırma Ağdamda təxminən 100 faiz səviyyəsindədir. Ağdam rayonu bu göstəriciyə görə respublika üzrə bəlkə də ilk sıralardadır. Ağdam üçün xüsusi proqram nəzərdə tutulmuşdu və şadam ki, bu, icra edildi.
Digər infrastruktur layihələrinin icrası da gündəlikdədir. Növbəti mərhələdə suvarma ilə bağlı addımlar atılacaq. Yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün praktiki addımlar atılır. Siz bilirsiniz ki, indi kənd təsərrüfatının inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir. Pambıqçılıq, baramaçılıq, taxılçılıq istiqamətində çox ciddi addımlar atılır. Gözəl də nəticələr var. Növbəti illərdə nəticələr daha da yaxşı olacaq. Çünki gələn il Ağdam rayonunda 3 min hektarda pambıq əkiləcək. Baramaçılıq üçün tut tinglərini dövlət alıb gətirir və insanlara verir. İş yerlərinin, yeni istehsalat sahələrinin yaradılması təmin ediləcək. Kənd təsərrüfatı texnikası, gübrələr, yanacaq verilir. Bütün lazımi addımlar atılır. Sahibkarlara kreditlər verilir ki, bu istiqamətdə inkişaf daha da sürətli olsun. Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq. Biz buna nail olacağıq”.