“Avroviziya 2017” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Diana Hacıyeva təmsil edəcək. İctimai Teleradionun məlumatına görə, qərar dekabrın 5-də münsiflər heyətinin iclasında verilib.
Diana Hacıyeva 1989-cu ildə Bakıda anadan olub. Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır.
2017-ci ilin “Avroviziya” mahnı müsabiqəsi mayın 9-dan 13-dək Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. İlk 6 iştirak uğurlu olub: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
Sonrakı üç ildə Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilməyib. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri tutub. Bu il isə Azərbaycan təmsilçisi Səmra Rəhimli “Avroviziya”nı 17-ci yerdə başa vurub.