Rusiyadan xaricdə rus dilinin qorunub saxlanması ilə bağlı Moskvadan yeni bəyanatlar eşidilməkdədir.
Noyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Eleonora Mitrofanova keçmiş SSRİ ölkələrində rus dilinə hüquqi status verilməsi təklifi ilə çıxış etmişdi. O bildirmişdi ki, dünyada rus dilinin tətbiqi ilə bağlı problemlər var, ön planda isə rus dilinin yaxın xaricdəki statusu məsələsi durur. Diplomat qeyd etmişdi ki, MDB məkanında rus dili ən yaxşı halda milli ünsiyyət vasitəsi kimi tətbiq olunur, bunu isə dəqiq və aydın hüquqi status saymaq olmaz.
Mitrofanova BMT-nin hesabatından misal çəkərək demişdi ki, 2015-ci ildə Rusiyanı çıxmaqla MDB ölkələrinin 138 milyon əhalisi olub, onların 35,6 milyonu rus dilini qətiyyən bilmir.
Dekabrın 2-də Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski yeni rəqəmlər səsləndirib.
Novator.az-ın məlumatına görə, Leonid Slutski parlamentdə çıxış edərkən deyib ki, 1989-1990-cı illərlə dünyada rus dilində danışanların sayı 350 milyon nəfər olub, indi isə 270 milyon nəfərdir. 30 ilə yaxın müddətdə dünyada rusca danışanların sayı 80 milyon nəfər azalıb.
Komitə sədri bildirib ki, Rusiya rus dilinin qorunub saxlanması məsələsində axıra qədər ciddi iş aparmır. O vurğulayıb ki, vəziyyət böhran həddinə gəlib çatmamış təcili olaraq dünyada rus məktəblərinin, rus dili mərkəzlərinin, Rusiya ilə əməkdaşlıq mərkəzlərinin sayı çoxaldılmalıdır və buna nail olmaq üçün Rusiyadan ciddi səylər göstərilməlidir.