Dekabrın 1-də Qırğızıstan prezidenti Almazbek Atambayev bir ildən sonra postunu təhvil verəcəyini bəyan edib.
60 yaşlı Almazbek Atambayev prezident postuna 2011-ci ilin payızında seçilib. Onun səlahiyyəti 2017-ci ilin sonunda bitir.
Novator.az-ın məlumatına görə, Atambayev çıxışında 6-cı ildir ölkəyə başçılıq etdiyini vurğulayıb: “Vaxt tez gəlib keçir, şikayət etsəm, günah olar. Düşünürəm ki, Qırğızıstan vətəndaşlarının köməyi ilə çox iş görə bilmişəm. İndi ölkəmiz tam fərqlidir. Bir ildən sonra mən bu vəzifədən gedəcəm və gördüyüm işlər iki-üç ildən sonra görünəcək”.
Atambayev xalqın gələn il kimi seçəcəyini bilmədiyini qeyd edib: “Əsas odur ki, hər hansı bir şəxs ölkəni geri sürükləyə bilməsin. Prezident postuna gəlmək istəyənlərin sayı çoxdur, bundan sonra da çox olacaq. Mən şadam ki, biz varis qoyub getmirik. Bu isə o deməkdir ki, biz demokratik ölkə qura bilmişik. Sistemli işləyən siyasətçilərdən xoşum gəlir. Mən bir neçə namizəd görürəm, amma indi onların adlarını çəkməyəcəyəm”.
Qırğızıstanda ali icraedici orqan hökumətdir. Baş nazir postuna namizədi 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya irəli sürür. Parlament hökumətin tərkibini və proqramını təsdiqlədikdən sonra prezident baş naziri və hökumət üzvlərini vəzifəyə təyin edir.
Prezident isə ümumxalq seçkisində 6 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq prezident seçilə bilməz.