Ötən ayın sonu Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişikliklə internetə nəzarət gücləndirilir. Məcəlləyə 148-1-ci maddə əlavə edilib. Yeniliyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan min beş yüz manatadək miqdarda cərimə; üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər; iki ilədək müddətə islah işləri; bir ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzalara gətirir.
“Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Azərbaycan prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltmaya görə məsuliyyəti nəzərdə tutan 323-cü maddəyə də dəyişiklik edilib. Prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya beş yüz manatdan min manatadək miqdarda cərimə; iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə düşür.
Həmin əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.
Qanunda yeniliklər sosial şəbəkədə fəal olan müxalif şəxslərin fəaliyyətinə necə təsir edə bilər? Müxalif şəxslərə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə ittihamları irəli sürülə bilərmi?
“Çox bahalı layihədir, hakimiyyət bunu edəcək durumda deyil”
Novator.az-a danışan müxalif REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı qanunvericiliyə dəyişiklikləri insan haqlarına zidd saydığını deyib: “Əvvəla, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edənlər necə müəyyən ediləcək? Bunu yalnız istifadəçilərin şəxsi məlumatlarını əldə edərək həyata keçirmək mümkündür. Bu da öz növbəsində şəxsi həyata müdaxilədir.
Dəyişikliklərin məqsədi sosial şəbəkələri tam nəzarətə götürməkdir. Azərbaycan ağır dövrə qədəm qoyur. İqtisadi böhran getdikcə dərinləşir, sosial problemlər daha da qabarır. Bunlar da öz növbəsində siyasi aktivliyə səbəb olacaq, ictimai etirazın mobilizasiyasına təkan verəcək. Bu işdə sosial şəbəkələr çox önəmli rol oynayacaq. Hakimiyyətin də çəkindiyi budur. Prosesi tam diqqətdə saxlamaq üçün sosial şəbəkələrə nəzarət sərtləşdirilir.
Amma bu cəhdin nəticə verəcəyi ehtimalı aşağıdır. Sosial şəbəkələrdə milyonlarla istifadəçi var, hamını tam nəzarətdə saxlamaq mümkün olmayacaq. Bunu etmək üçün böyük ştat saxlamaq və böyük vəsait xərcləmək lazımdır. Çox bahalı layihədir, hakimiyyət bunu edəcək durumda deyil. Digər tərəfdən bu, internetin azad olmaması, ifadə azadlığının açıq şəkildə pozulması anlamına gələcək”.
“Artıq nəyisə qorxa-qorxa yazıram”
Novator.az-ın sualını cavablandıran jurnalist Zamin Hacının fikrincə, qanunda yenilik hər hansı dəyişikliyə səbəb olmayacaq, çünki vətəndaşlar internetdəki sərbəstliyi çoxdan itiriblər: “Onsuz da indiyə qədər Cinayət Məcəlləsinin 148 və 323-cü maddələri qüvvədə idi. Amma Azərbaycanda heç vaxt insanları o maddələrlə cəzalandırmırlar, tutmurlar, cərimələmirlər. Hakimiyyəti tənqid edənlərin cibinə narkotik atır, yaxud başqa vasitələrdən istifadə edirlər. İndi yəqin narkotik tükənib, həbs üçün başqa vasitələrə ehtiyac var.
Bilirsiniz, bizdə hər şey imitasiyadır, elə cəzalandırma zamanı da belə maskalanma var. Tam olaraq İran, Şimali Koreya deyilik, internetə qadağalar tətbiq olunmur. Bizim hökumət nə qadağan edir, nə də sərbəst istifadəyə imkan verir. İndi sosial şəbəkələrdə sərbəstlik yoxdur, açıq tənqid yazan, hökumətə qarşı çıxan insanların böyük əksəriyyəti xaricə mühacirət edənlərdir. Ölkə daxilində buna cəhd edilmir, edəni polis idarəsinə aparırlar. Azərbaycanda azad fəaliyyət sıfır səviyyəsinə yaxınlaşıb, internet tənqidi fikirlərin platforması kimi sıradan çıxıb. Şəxsən məni “Facebook”dakı statuslarıma görə son bir ildə üç dəfə polisə çağırıblar, müxtəlif xəbərdarlıqlar veriblər. Bunun özü də təzyiqdir. Artıq nəyisə qorxa-qorxa yazıram, düşünürəm bunu da yazıb gedimmi yenə… Ora gedib çıxmamaq ehtimalı da var axı. Azərbaycan polisi vətəndaşların azadlığının yox, əsarətinin, köləliyinin keşiyində durub”.