“Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir”. Energetika naziri Natiq Əliyev belə deyib.
Novator.az bildirir ki, nazirliyin rəsmi məlumatına görə, Natiq Əliyev OPEK-in noyabrın 30-u Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib (Hasilatın azaldılmasına qərar verildi, neft bahalaşdı).
Energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEK ölkələrinin sutkalıq hasilatı 1,2 milyon barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür: “Azərbaycanın mövqeyinə gəldikdə isə hamıya məlumdur ki, ölkə prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır”.
OPEK-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşə toxunan Natiq Əliyev bildirib ki, toplantıya dəvət alacağı və iştirakının zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq: “Hesab edirəm ki, qeyri-OPEK ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”.