Noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrini dondurmağa çağıran qətnamə qəbul edib. Bu addım Türkiyədə insan hüquqlarının sistemli şəkildə pozulması ilə əsaslandırılıb.
Türkiyə Avropa İttifaqı ilə 1963-cü ildən əməkdaşlıq edir. 1987-ci ildə Türkiyə qurumun üzvlüyü üçün müraciət edib, 1999-cu ildə üzvlüyə namizəd statusu alıb. 2005-ci ildən tam üzvlük üçün danışıqlar gedir.
“Avropanın Türkiyəyə qarşı islahat tələblərinin sonu yoxdur”
Novator.az-a danışan Karabük Universitetinin dosenti, azərbaycanlı siyasi analitik Ələskər Ələskərli Türkiyə-Avropa İttifaqı probleminə bir neçə prizmadan baxmağı lazım bilib: “Birincisi, Avropa İttifaqı Türkiyə ilə ortaqlıq müzakirəsində heç də səmimi deyil. Sovetlər dağıldıqdan sonra Avropa İttifaqı qitənin şərq ölkələrini demək olar toplu halda birliyə qəbul etdi. Həmin ölkələrdə sosial-iqtisadi vəziyyət, insan hüquqlarının vəziyyəti Avropa standartlarına tam uyğun gəlirmi? Amma Avropanın Türkiyəyə qarşı islahat tələblərinin sonu yoxdur. Proses bu şəkildə də davam edəcək.
Türkiyənin coğrafi və sosial səbəblərdən doğan özünəməxsus problemləri var. Bu problemlərin ən böyüyü terrordur. Türkiyə hökumətinin hələ 2009-cu ildən terrora qarşı mübarizə çərçivəsində mənimsədiyi bir siyasət var: demokratik açılım. Hökumət müxalifətin və xalqın etirazlarına rəğmən bir çox islahat həyata keçirməyə çalışdı. Amma problem həllini tapmadı. Daha doğrusu, qarşı tərəf kiçik addım belə atmadı.
Avropa Türkiyənin terrora qarşı mübarizəsində səmimi deyil, terrordan özü əziyyət çəksə də. Terror insanlığa qarşı işlənən ən iyrənc cinayətdir. Bu cinayətə səssiz qalmaq, onu əl altından dəstəkləyib insan hüquqları çərçivəsində ört-basdır eləmək hər kəsə zərər gətirəcək. Avropa İttifaqı Türkiyənin terrora qarşı mübarizəsinə “insan hüquqları problemi” adı qoymamalıdır.
Avropa İttifaqı Türkiyə üçün önəmlidir. Türkiyə də qarşı tərəf üçün eyni dərəcədə önəm daşıyır. Müzakirələr indilik təxirə salınıb, prosesin tam dayandırılacağını ehtimal etmirəm. Bu gün Türkiyənin xarici ticarət dövriyyəsinin 45-50 faizi Avropa İttifaqı ilə alış-verişin payına düşür. Bu, təxminən 135-140 milyard avro deməkdir. Habelə Avropadan gələn birbaşa kapital qoyuluşu 65 faiz civarındadır. Bunlar ciddi rəqəmlərdir.
Avropa İttifaqı müzakirələrinə son verilməsi iqtisadi əlaqələrə də nöqtə qoyulacağı anlamına gəlmir. Müasir dünyada ölkələr arasındakı münasibətlərdə iqtisadi və siyasi mənfəətlər ayrı tutulur. Yəni Avropa-Türkiyə müzakirələrində gərginliyin ortadan qaldırılması istiqamətində addım atılması şərtdir. Lakin Türkiyə bu addımları atarkən öz qırmızı xəttini qorumağa məcburdur”.
“Ərdoğanın Avropaya qarşı aqressiv ritorikasını yanlış hesab edirəm”
Novator.az-ın suallarını cavablandıran REAL Hərəkatının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Qasımlı hesab edir ki, Avropa İttifaqı Türkiyə üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük önəm daşıyır. Ekspertin fikrincə, Türkiyənin təhlükəsizliyi də Avropadan bir xeyli asılıdır: “Türkiyə NATO üzvü kimi ümumi avroatlantik təhlükəsizliyi çətiri altında olan ölkədir. Bu çətirin altından çıxsa, çox ciddi problemlərlə üzləşə bilər. Bir tərəfdən İran və Rusiya, digər tərəfdən Yaxın Şərq bölgəsindən gələn qeyri-sabitlik Türkiyə üçün böyük təhlükədir.
Türkiyənin əsas iqtisadi tərəfdaşları da məhz Avropadadır. Ölkə iqtisadiyyatı Avropadan ciddi şəkildə asılıdır. Təkcə turizm sektoruna diqqət edək, turistlərin 70 faizə qədəri məhz Avropa ölkələrindən, ilk növbədə Almaniyadan gəlir.
Digər sahələrdə də təxminən eyni vəziyyətdir. Odur ki, ölkə prezidenti Rəcəb Teyyub Ərdoğanın Avropaya qarşı aqressiv ritorikasını olduqca yanlış hesab edirəm.
Bu gün Türkiyədə insan haqları kütləvi şəkildə pozulur. Avropa İttifaqının üzvlüyünə namizəd olan ölkədə belə hadisələr baş verməməlidir. Digər tərəfdən bu hadisələr baş verməsə də, Türkiyənin ittifaqa qəbul ehtimalı çox aşağı idi. Bu illər ərzində Türkiyə üzərinə götürdüyü öhdəliklərin böyük hissəsini həyata keçirmişdi. Ordunun siyasətə qarışması, etnik azlıqların hüquqlarının qorunması, ümumən insan haqları sahəsindəki problemlərin həlli və hər şeydən öncə iqtisadi göstəricilərin düzəldilməsi baxımından işlər görülmüşdü. Buna baxmayaraq danışıqlar dalana dirənmişdi. Çünki Avropa İttifaqı daxilində Türkiyənin üzvlüyü ilə bağlı ciddi fikir ayrılığı mövcuddur.
Münasibətlərin bundan sonrakı perspektivini, əvvəlki səviyyəyə qayıdacağını düşünürəm. Yəni Türkiyə Avropa İttifaqına üzv olmasa da, bu ittifaqla siyasi, təhlükəsizlik, iqtisadi sahədə əməkdaşlıq edəcək və bölgədə Avropanın əsas müttəfiqi kimi qalacaq”.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Böyük Britaniya qurumdan çıxmaq üzrədir.