İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının işığın qiyməti ilə bağlı qərarını şərh edib. 2016-cı il dekabrın 1-dən elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində saxlanıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.
Novator.az-ın məlumatına görə, ekspert yazır: “Diferensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə-gündüz, iqtisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirmə səviyyəsinin 1 sayğaca görə 250 kilovat-saat müəyyən edilməsi iqtisadi cəhətdən əsaslandırılmayıb. Bir çox ölkədə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovat-saat, qış aylarında 200 kilovat-saat, orta hesabla isə 150 kilovat-saat müəyyən edilib. Tarif Şurası məcburi köçkünlər üçün uzun illərdir tətbiq olunan normanı əsas götürərək elektrik enerjisi ilə bağlı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi.
Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda aylıq norma belə diferensiallaşdırılmalı idi: 1 nəfərlik ailə üçün 250 kilovat-saat, 2 nəfərlik ailə üçün 300 kilovat-saat, 3 nəfərlik ailə üçün 450 kilovat-saat, 4 nəfərlik ailə üçün 600 kilovat-saat, 5 və ondan çox üzvü olan ailə üçün 750 kilovat-saat. Qırğızıstanda üzvlərinin sayından asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovat-saat, Türkmənistanda hər ay adambaşına 35 kilovat-saat, 1 ailə üçün minimal olaraq isə 100 kilovat-saat elektrik enerjisi pulsuz verilir. Əhali qrupu üçün Qırğızıstanda 1 kilovat-saat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir”.
Ekspert Tarif Şurasının yeni qiymətlərlə bağlı qərarının fəsadlar doğuracağını düşünür: “Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olanda ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağı yaşayanların sayının sürətlə artdığı müşahidə olunacaq.
Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısamüddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzunmüddətli dövrdə elektrik enerjisinə görə borclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasında konfliktlər yaradacaq.
İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılıqlı təsirlərdən və xərclərin artmasından qaynaqlanan faktorlar qiymətləri sürətlə qaldıracaq. Qiymət artımı əvvəlcə elektrik enerjisi və qaz sərfi yüksək olan çörəkbişirmə, qənnadı, emal, poladəritmə və digər müəssisələrin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdıracaq. Ümumi qiymət səviyyəsi artdıqca mobil rabitə xidmətləri, istilikxanalarda yetişdirilmiş tərəvəz məhsullarından tutmuş otel xidmətlərinədək geniş spektrdə və müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.
İşsizlik daha da artacaq. Maya dəyərində elektrik enerjisi, qaz, mazut xərclərinin payı yüksək olan müəssislərdə artan xərclərin azaldılması üçün iş yerlərinin ixtisarı və əmək haqlarının aşağı salınması prosesi başlayacaq və beləliklə, yeni işsizlər ordusu yaranacaq”.