İqtisadçı Qubad İbadoğlu Tarif (qiymət) Şurasının yeni qərarlarını şərh edib.
Qurumun 28 noyabr iclasında təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılıb. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Tarif elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün 2016-cı il dekabrın 1-dən tətbiq olunacaq.
Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində saxlanıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşdirilib.
Qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.
Elektrik enerjisi ilə bağlı qərar 2016-cı il dekabrın 1-dən qüvvəyə minir.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, Tarif Şurası qiymətləri Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında qaldırıb: “Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkətin investisiya qoymasını, xidmətin keyfiyyətinin artırılmasını, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. Eyni zamanda təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində sərmayə qoyuluşu artdığı üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik qaldırılması təklif olunub. Tarif Şurası əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib.
Dövlət Neft Şirkətinin, “Azərenerji” və “Azərişıq”ın arqumentləri əsassızdır, çünki qaz təchizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda düşməli idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Elektrik enerjisi istehsalı və təchizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib”.
Ekspert qeyd edir ki, bahalaşma qərarının həm psixoloji və həm də iqtisadi təsirləri olacaq: “Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə suyun, eləcə də benzinin, qiymətləri tənzimlənən digər yanacaq məhsullarının bahalaşmasına dair qərarlar veriləcək”.