“Biz Belarusa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq”. AZƏRTAC-ın məlumatına görə, noyabrın 28-i Bakıda Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib.
İlham Əliyev qeyd edib ki, Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır: “Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir”.
Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkənin münasibətlərinin böyük tarixi var: “Belarus-Azərbaycan münasibətlərinin yaranmasından 20 ildən çox keçir. Belə münasibətlər qurmaq asan məsələ deyil. Buna görə biz onları qiymətləndiririk, onları qorumalıyıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim kimi münasibətləri olan dövlətlər çox deyil. İlham Heydər oğlu yaxşı bilir ki, dövlətlər arasında, xüsusən dövlət başçıları arasında münasibətlər müxtəlif cür formalaşır. Biz seçim etməli olmuruq. Biz prezidentlər olaraq nə qədər mürəkkəb olsa da, ən xoş münasibətlər yaratmağa borcluyuq. Bəzən bu, çətin başa gəlir, insan çox gərginlik hiss edir. Amma dostumla Belarusda, Minskdə və ya burada, Bakıda görüşəndə həmişə xoş ümidlər, xoş arzular yaranır. Praktiki olaraq bütün məsələlər üzrə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Biz çox səmimiyik və bunu gizlətmirik.
Beynəlxalq gündəliklə bağlı praktiki olaraq fikir ayrılığımız yoxdur. Biz bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Burada çox düzgün deyildi ki, Azərbaycanın olmadığı, lakin Belarusun olduğu yerdə, yaxud Belarusun olmadığı, lakin Azərbaycanın olduğu yerdə biz həmişə bir-birimizi dəstəkləyir və müdafiə edirik”.